“Böhranın sonu görünmür, nikbinlik üçün əsas yoxdur…”
10 Noyabr 2015 07:50 İqtisadiyyatXəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib.
Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlət başçısı AMEA-nın ümumi yığıncağındakı nitqi zamanı dünyadakı iqtisadi vəziyyətdən də danışıb:
"Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır".
Prezidentin sözlərinə görə, Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir:
"Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir.
Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək.
Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq.
Ümumiyyətlə, son illər ərzində bizim siyasətimiz ondan ibarət idi ki, biz neft-qaz amilindən asılılığımızı maksimum dərəcədə aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması məsələlərini həll edək. Hələ 2004-cü ildə birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi güdürdü. Şadam ki, bu proqramlar artıq ardıcıllıqla icra edilir və bölgələrin siması dəyişilib. Yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır. Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir".
İlham Əliyev Azərbaycanın iqtisadiyyatın yeni modeli haqqında düşündüyünü qeyd edib:
"Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər.
Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam edəcəkdir. Çünki bunun təməlində həm artıq görülmüş işlər, infrastruktur layihələri, gözəl investisiya iqlimi dayanır, eyni zamanda, dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi yüksək qiymətləndirirlər. Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə - Şərqi Avropada gələcək illərdə ən yüksək iqtisadi templərlə inkişaf edən ölkə Azərbaycan olacaqdır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Bu, çox böyük nəticədir. İki yüz ölkənin arasında 40-cı yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi islahatlar bunu mümkün etmişdir. Biz çalışmalıyıq ki, bu yüksək templəri növbəti illərdə də saxlayaq və beləliklə, iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək.
Çünki bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Əgər biz başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq müstəqil siyasət apara bilməzdik. Bizim gücümüz məhz bundadır. Ona görə də biz çalışırıq ki, daxili resurslardan maksimum dərəcədə istifadə edək və heç kimdən asılı olmayaq. Asılı oldunsa, gərək başqasının sifarişlərini yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən. Biz istəmirik ki, heç kimdən asılı olaq. İstəyirik ki, öz yolumuzla gedək, xalqımız daha da yaxşı yaşasın, dövlətimiz daha da güclənsin. Bir daha demək istəyirəm ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Ona görə hesab edirəm ki, alimlər bu yeni vəziyyətlə bağlı öz dəyərli təkliflərini verməlidirlər və verəcəklər.
Prezident bildirib ki, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur:
"Bu da son illər ərzində ölkənin inkişafı ilə bağlıdır. Çünki əgər biz demoqrafiyanın statistikasına nəzər yetirsək, görərik ki, ölkəmiz üçün ən ağır illərdə demoqrafik vəziyyət çox mənfi idi. Ancaq ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Əhalimiz nə qədər çox olarsa, ölkəmiz də o qədər güclü olacaqdır. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son on il ərzində bir milyondan artıq daimi iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. İndi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz gələn ilin dövlət büdcəsində ixtisarlar etmişik, bəzi investisiya layihələrini təxirə salmışıq. Ona görə iş yerlərinin yaradılması gələcəkdə investisiya iqliminin daha da yaxşılaşması ilə bağlı olmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni, bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik.
Bu günə qədər və hətta bu gün bizim əsas vəzifəmiz infrastruktur layihələri idi. Biz onları Bakıda və bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su, meliorasiya, kənd yolları, magistral yollar, təmir işləri bundan sonra da davam edəcək. Ancaq bunlarla bərabər, mütləq yeni yanaşma da olmalıdır".