Neftin ucuzluğunun səbəbləri və yaxın 15 il üçün proqnoz

Dünyanın ən böyük neft ticarəti şirkəti "Vitol"un icraçı direktoru İan Teylor enerji qənaətinin artmasının qarşıdakı 10 ildə neftə tələbatın artacağının məhdudlaşdıracağını və neft qiymətlərinin bir daha heç vaxt 100 dollar/barel səviyyəsini görə bilməyəcəyini deyib.

Milli.Az azadliq.info-ya istinadən xəbər verir ki, Londonda keçirilən bir konfransda danışan Teylor "Qarşıdakı bir neçə ildə neft bazarı yenidən balanslaşacaq və neft qiymətləri böyük ehtimalla 60-70 dollar/barel "dəhlizində gəzəcək". Ancaq tələbin artmaması qiymətlərin son bir neçə ildəki yüksək səviyyələrə bir daha geri qayıtmasını əngəlləyə bilər" deyib.

Avtomobillərin elektrikli mühərrikə yönəldiyinə işarə edən Teylor "Qənaət böyük olacaq, neftin qiymətində bir daha 100 dollar/barel səviyyəsini görə biləcəyimizə inanıram" söyləyib.

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, neftin qiymətinin ucuz olmasının siyasi səbəblərdən başqa, şübhəsiz ki, iqtisadi əsasları var:

"Belə ki, bazarda təklifin tələbi üstələməsi bu mənada əsas faktordur. Təklifin də tələbi üstələməsində heç də neft artıqlığı - onun həcm etibarı ilə çoxluğu əsas rol oynamır. Yəni, başlıca səbəb heç də bu deyil.

Məsələ ondadır ki, tələbin özü aşağı düşüb və burada bəzilərinin isbat etməyə çalışdıqları kimi heç də texnoloji yeniliklər, başqa sözlə desək, neft və neft məhsullarına ehtiyacın guya əvvəlkitək təşkil etməməsi əhəmiyyət daşımır.

Sadəcə olaraq, dünya iqtisadiyyatının aparıcı ölkələrində aktivlik zəifləyib. Çində iqtisadi artımın sürəti azalıb. Avropa Birliyi ölkələrində durğunluqdur. Bir sözlə, dünya iqtisadiyyatının inkişaf tempi aşağı düşüb. Bütün bunlar bərpa olunmasa, tələbat da yüksəlməyəcək".

Ekspert, həmçinin əlavə edib ki, bütün texnoloji yeniliklərə baxmayaraq, neft amili hələ uzun müddət iqtisadiyyatda əsas rol oynamaqda davam edəcək: "Tesla və sair kimi, hələ ki, laboratoloji mərhələdə olan texnoloji yeniliklərə görə neft amilinin yaxın 10-15 il ərzində dünya iqtisadiyyatı üçün əhəmiyyətinin 2-ci plana keçəcəyinə inanmaq sadəlöhvlük olardı. Neft hələ azı 15 ildən də çox müddətdə inkişaf üçün əsas faktor olaraq qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31