“Neft Fondun aktivləri ayda 262.8 milyon dollar azalıb”.
27 Oktyabr 2015 10:05 İqtisadiyyat"Neft Fondunun aktivləri 262.8 milyon dollar azalıb" - Ekspert
Bu barədə iqtisadçı-ekspert, ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci ilin yanvar-sentyabr ayları ərzində bu qurumun büdcə gəlirləri və investisiya siyasəti ilə bağlı açıqlama verildiyini xatırladan Q. İbadoğlu, dövrü olaraq ictimaiyyətə təqdim edilən məlumatda diqqəti cəlb edən məqamlar üzərində dayanıb: "Birincisi, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində əsas xərci dövlət büdcəsinə transfert olub. Belə ki, bu ilin 9 ayında Fondun büdcəsinin 88,3 faizi və ya 5 milyard 650 milyon manatı bu məqsədlə istifadə edilib. İkincisi, fondun aktivləri azalmaqda davam edib. Belə ki, bu ilin birinci yarısında Fondun 2015-ci ilin əvvəlinə olan 37 milyard 104,1 milyon ABŞ dolları məbləğində aktivləri nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub. Bu isə o deməkdir ki, aktivlər son 9 ayda orta hesabla ayda 262,8 milyon dollar azalıb. Bu ilki büdcə və strateji investisiya öhdəliklərində ARDNF-nin rolu nəzərə alsaq bu tempdə aşağı düşmə qəbul olunandır. Digər mühüm məqam isə valyuta səbətinin şaxələnməsi ilə bağlıdır. Fondun açıqlamasına görə, vəsaitlərin 47,8 faizi dollarda, 35,9 faizi avroda, 5 faizi funt sterlinqdə, 3,2 faizi qızılda, 1,5 faizi yapon yenində, 1.4 faizi Çin yuanında, 1,4 faizi rublda, 1,2 faizi Koraya vonunda, 1,0 faizi turk lirəsində, 0,5 faizi avstraliya dollarında və 1,1 faizi də digər valyutalarda saxlanılır. Bununla yanaşı Fond vəsaitlərinin 76,4 faizini istiqrazlarda və 5,2 faizini depozitlərdə yerləşdirib. Fondun vəsaitlərinin 57,54 faizi Avropada, 22,65 faizi Amerikada, 11,12 faizi Asiyadadır". ("OLAYLAR İA")