“Sadələşmiş vergi üzrə yoxlamaların dayandırılması kiçik sahibkarlığı inkişafı etdirəcək"
26 Oktyabr 2015 15:29 İqtisadiyyat"İnkişaf etmiş ölkələrdə ölkə iqtisadiyyatında əsas hərəkətverici qüvvəni kiçik və orta sahibkarların fəailiyyəti təşkil edir". Bu barədə Azadinform-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
O qeyd edib ki, ölkənin həm ixrac potensialının, həm də iqtisadi gəlirlərinin təmin olunmasında bilavasitə həmin qrup sahibkarlar iştirak edirlər: "Azərbaycanda da son vaxtlar sahibkarlığın inkişaf etdirilməsində əsas hədəf məhz bu seçilib. Belə ki, Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına əngəl törədən maneələrin aradan qaldırılmasına dair bütün çağırışları və gördüyü tədbirlər kiçik və orta sahibkarların fəaliyyətlərinə geniş imkanlar açmaq və buna meydan vermək məqsədi daşıyır. Çünki biz, əvvəlki izahat və şərhlərimizdə də qeyd etmişdik ki, məsələn, bilavasitə qanunsuz yoxlamaların ən ağır nəticəsi kiçik və orta sahibkarlığın üzərində hiss edilir. Başqa sözlə desək, iri sahibkarlar onlara qarşı yönələn basqılardan pis-yaxşı müdafiə oluna və bundan müəyyən itkilər verməklə da varsa, çıxa bilirlər".
P.Heydərov qeyd edib ki, bu mənada, vergilər naziri Fazil Məmmədovun illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verməsi olduqca əhəmiyyətli nəticələr verəcək. 70 minə yaxın vergi ödəyicisi böyük "ordu" və qüvvə deməkdir. Bu, onlara fəaliyyətlərinə geniş imkanlar açacaq və vergi ödənişi həcminin artması ilə nəticələnəcək".