Neftlə bağlı qorxudan proqnoz

Bu ölkələr beş il ərzində iflas edə bilər

Son zamanlar qiymətində düşüş yaşanan qara qızılla bağlı qorxulu proqnoz verilib. Adı hər gün savaşlarda hallanan Yaxın Şərq yeni bir təhlükə ilə qarşı-qarşıyadır. Neft qiymətinin bir ilin içərisində 100 dollardan 45 dollara kimi düşməsi yeni böhranın xəbərçisidir. ANS PRESS-in məlumatına göкə, Beynəlxalq Valyuta Fondunun (BVF) qorxulu proqnozu Səudiyyə Ərəbistanı ilə bağlıdır. Qurumun məlumatında qeyd edilir ki, əgər neftin qiyməti indiki səviyyəsində qalmağa davam etsə başda Səudiyyə Ərəbistanı olmaqla bir çox Yaxın Şərq ölkəsi iflasa uğrayacaq. Dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının bu ucuzlaşmaya görə nəğd pul ehtiyatının əridiyi ortaya çıxıb. Əgər neft 50 dollar səviyyəsində qalsa 5 il içərisində bu ölkənin pulu bitəcək. Maliyyənin davamlı olması üçün qiymətin ən azı 100 dollar olması lazımdır. Səudiyyə Ərəbistanı son bir ildəki ucuzlaşmaya görə 360 milyard dollar itirib. Bu təhlükə ancaq Səudiyyə Ərəbistanı üçün deyil. Belə ki, Ərəb Əmirliyi, Qətər, Bəhreyn, İran, İraq kimi ölkələr də risk qrupuna daxildirlər. BVF-nun açıqlamasına görə, vəziyyətin sabit qalması üçün İran nefti 72, İraq isə 81 dollardan ucuz satmamalıdır.

Xatırladaq ki, "Goldman Sachs" Energetika Tədqiqatlarının Avropa Mərkəzinin rəhbəri Mişel Della Vinya bildirib ki, qısamüddətli perspektivdə neftin qiymətinin minimum 25 dollar, maksimum isə 100 dollardan yuxarı olacağını gözləmək ağlasığmaz görünür. Onun sözlərinə görə, OPEK-ə daxil olan və olmayan ölkələr tərəfindən bazara çıxarılan xammalın həddən artıq bolluğu "qara qızıl"ın ucuzlaşmasına gətirib çıxarıb. Bunun digər səbəblərdən biri də ABŞ-da şist neftin hasilatının artmasıdır. İlin əvəllində açıqlama verən OPEK-in baş katibi Abdulla əl-Bədri tezliklə kəskin bahalaşma olacağını desə də bu proqnoz özünü doğrultmadı. Belə ki, o demişdi ki, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq. "Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31