SOCAR Avstriya şirkəti ilə müqavilə imzalayıb
23 Oktyabr 2015 17:27 İqtisadiyyatARDNŞ-in baş ofisində SOCAR və Avstriyanın "Poerner" şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, "Poerner" şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Wolfgang Heger iştirak ediblər. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro 5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. "Poerner" şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirib, yeni bitum qurğusunun inşası məqsədilə bu sahədə qabaqcıl təcrübəyə malik "Poerner" şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd edib. Sonra SOCAR və "Poerner" şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb.