Azərbaycan iqtisadi cəhətdən asılı ölkə deyil
Rövşən Məmmədli: “Azərbaycan kimin nə ilə nəfəs aldığını çox gözəl bilir”
21 Oktyabr 2015 14:19 İqtisadiyyatZaman-zaman Cənubi Qafqazın iki ölkəsi, Azərbaycanla Gürcüstan arasında münasibətləri korlamağa, iki ölkə arasında müəyyən problemlər yaratmağa cəhdlər göstərilir. Düzdür, Bakı-Tbilisi münasibətlərində sərinlik yaranmasına çalışan başlıca qüvvələr sırasında Ermənistan yer alsa da, şimal qonşumuz da bir çox hallarda buna maraqlı görünür. Çünki Moskva ilə münasibətlərin gərginləşməsindən sonra Gürcüstanın ayaqda qalması daha çox Azərbaycandan asılı idi. Azərbaycanın bu ölkəni elektrik enerjisi və təbii qazla təmin etməsi, Azərbaycan şirkətləri hesabına Gürcüstanda çoxsaylı iş yerlərinin açılması bunlara bariz nümunədir. Məhz bu səbəbdən Kreml də bir çox hallarda Tbilisi-Bakı münasibətlərində gərginliyin yaranmasına maraqlı görünür. Təbii ki, maraqlı qüvvələr sırasında Gürcüstandakı Rusiyameyilli və ermənilər də var. Hər iki qüvvələr müntəzəm olaraq kütləvi informasiya vasitələrində Azərbaycanı qıcıqlandıracaq yazılar dərc etmək, açıqlamalar verməklə istəklərinə nail olmaq istəyirlər. Bu günlərdə Gürcüstan tərəfindən Azərbaycandan aldığı təbii qazın qiymətini aşağı salınması barədə irəli sürülən təşəbbüslər də məhz buna hesablanıb.
Müstəqil ekspert Rövşən Məmmədli deyir ki, Gürcüstan Respublikası Azərbaycandan dünya bazarı ilə müqayisədə xeyli aşağı qiymətə aldığı qazın qiymətlərini daha da aşağı salmaq məqsədi ilə Azərbaycana qarşı şantaj xarakterli hərəkətlərə yol verməyə çalışması da bundan xəbər verir. Onun sözlərinə görə, Gürcüstan Azərbaycana bir növ təzyiq etdiyini düşünərək Rusiya qazı almaq barədə danışıqlar apardığını açıqlayır: "Ancaq hesab edirəm ki, Rusiya ilə Gürcüstanın temperaturu normadan çox olan indiki münasibətlərində Rusiya qazının Gürcüstana satılması nə ağlabatandır, nə də ki, bu məlumatları yayan mənbələr faktın doğruluğunu təsdiqləyən tutarlı arqumentlərə söykənmirlər. Bəs nə üçün bu cür ucuz və Gürcüstan üçün bir növ rüsvayçı şaiyələr yayılır? Fikir versək görərik ki, bu şaiyələri yayanların əsaslandığı bir arqument Rusiyanın Ermənistana qazı ucuz satmasıdır. Təbii Rusiya Ermənistana qaz satışında xeyli güzəştlərə gedib. Bunu ona görə edib ki, Ermənistan sözün həqiqi mənasında Rusiyanın bir vilayəti kimidir. Hazırda Rusiya bu ölkəyə öz forpostu kimi yanaşır. Ermənistanın əsas müəssisələrini Rusiya öz əlinə keçirib və demək olar ki, Ermənistanın iqtisadiyyatına istədiyi kimi diktə edir. Bunlardan başqa Ermənistanı Rusiya Azərbaycan torpaqlarının hesabına yaradıb və ermənilərin əli ilə azərbaycanlıları oradan deportasiya edərək ermənilərə bir dövlət qurmuş və bu dövlətin hesabına Cənubi Qafqaza və Yaxın Şərqə nəzarət edir. Belə olan halda Rusiya ermənilərin könlünü almaq üçün bəzi sahələrdə, o cümlədən qaz satışının qiymətində onlara güzəştlərə getmişdir". Rövşən Məmmədli bildirir ki, Rusiya bu güzəşti heç zaman "tərs" qonşu saydığı Gürcüstana etməz: "Əgər Gürcüstan doğurdanda Rusiyadan qaz almaq fikrinə düşsə, onu Rusiyadan yalnız dünya bazarlarında olan qiymətlərlə ala bilər. Başqa cür Rusiya Gürcüstana ucuz qaz satacağına yalnız sadəlöhvlər inana bilər. Bəs onda bu Rusya ilə gizli qaz satın almaq danışıqlarını yaymaqla Gürcüstan nəyə nail olmaq istəyir? Şübhəsiz Gürcüstan dolayısı ilə Azərbaycanı, Azərbaycanın qaz satışı ilə məşğul olan qurumlarını şantaj edir. Məqsədi onsuz da dünya bazarları ilə müqayisədə xeyli ucuz aldığı qazının qiymətini bir azda aşağı salmaq üçün Azərbaycana təzyiq etməkdir. Gürcüstan dövləti hələ bu qaz və neft kəmərləri çəkilməyə başladığı zamanlardan bölgədəki ötürmə mövqeyindən yararlanıb Azərbaycana lazım olduğundan da qat-qat artıq təzyiqlər edib və az qala Azərbaycan qədər Azərbaycanın sərvətlərindən pullar qazanıb. Bu kəmərlər olmasaydı Gürcüstanın indi bəlkə də dilənçilər ölkəsi olacağının şahidi ola bilərdik. Əlbəttə biz bir qonşu kimi bunu onlara arzulamırıq. Ancaq onların da Azərbaycana şükür etmək əvəzinə naşükürlük etmələri, Azərbaycanı necə deyərlər avam yerinə qoymalarının bir adı var nankorluq. Gürcüstan bu günkü büsatı üçün xeyli qərəcədə Azərbaycana borcludur...Azərbaycan əlini çəksə bu büsatın çökəcəyi heç bir şübhə doğurmur. Odur ki, ancaq yaxşılığını, xeyrini gördüyün qonşuya qarşı bu cür nankorluq olmaz. Azərbaycan da kimin nə ilə nəfəs aldığını çox gözəl bilir. Azərbaycan iqtisadi cəhətdən asılı ölkə deyil. Asılı olan Gürcüstandır. Ona görə də öz maraqlarını düşünərək bu ölkə Azərbaycana sayqı və hörmətlə yanaşmalıdır".
Süleyman