Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas məqsədlərindən biridir
20 Oktyabr 2015 17:23 İqtisadiyyatPrezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından xeyli müddət keçsə də hələ də bu mövzu ətrafında müzakirələr, fakir mübadiləsi davam edir. Xüsusilə, dövlət başçısının proqram xarakterli çıxışında qeyd etdiyi günümüz üçün actual məsələlər geniş şərh olunur. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, sözügedən müşavirə və ən əsası Prezidentin çıxışı artıq bir neçə ildir ki, Azərbaycanın yeni dönəm üçün formalaşdırılan iqtisadiyyatının daha sürətli inkişafına təkan verəcək xüsusi hadisə kimi qiymətləndirilməlidir: "Dövlət başçısının fundamental əsaslara və ayrı-ayrı sahələr üzrə real vəziyyətə dair səhih informasiyalara söykənən çıxışı hələ uzun müddət təhlil olunacaq. Bilirsiniz ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən ölkəyə daxil olan gəlirlər azalıb. Bu vəziyyət də sözsüz ki, məsələlərə yeni yanaşma və adekvat addımlar tələb edir. Bu addımların da nədən ibarət ola biləcəyini, hansı dəyişikliklərə ehtiyac olduğunu dövlət başçısı dəqiqliklə göstərdi və demək olar ki, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin aydın mənzərəsini yaratdı. Prezident kifayət qədər açıq danışaraq həm əldə olunmuş uğurlardan, həm də sürətli inkişafımıza əngəl olan xoşagəlməz hallardan bəhs etdi. Həmin çıxışı izləmiş vətəndaşlar da gördülər ki, Prezident ölkə problemlərinə, vətəndaşların sosial rifahına, eləcə də sahibkarları narahat edən problemlərə necə hassaslıqla yanaşır, Azərbaycanın mənafeyinə zərər yetirən ən xırda məqamlara qarşı sərt və prinsipial münasibət bəsləyir". Mərkəz rəhbəri deyir ki, Prezidentin hər bir çıxışı ölkənin gələcəyini düşünən, dövlətinə dəstək verməyə çalışan insanlar üçün xüsusi əhəmiyyət kəsb edir: "O baxımdan ki, bu çıxışlarda hər dəfə yeni informasiyalar olur, prioritet istiqamətlərlə bağlı konkret fikirlər səsləndirilir və bütün bunlar ictimai aktivliyi olan şəxslər üçün də önəmlidir. Amma sözsü ki, bir iqtisadçı kimi məni bu çıxışlardakı iqtisadi məsələlərə dair məqamlar daha çox maraqlandırır. Son müşavirədəki çıxışda isə sahibkarlıq və bu sahənin inkişafının sürətləndirilməsinin zəruriliyi barədə fikirlər xüsusilə diqqətimi çəkdi. Dünyada gedən proseslər və xüsusən neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən gəlirlərimizin azalması hər kəsə məlum olan həqiqətdir. Neftdən asılılığı minimuma endirmək üçün hökumət zəruri tədbirləri hələ ötən illərdən görür, xüsusi dövlət proqramları və layihələr hazırlanır. Burada bir məqama diqqətinizi yönəltmək istərdim. Bəzi ekspertlər bir çox hallarda məqsədli şəkidə belə şərhlər verirlər ki, guya Azərbaycan hökuməti heç vaxt neftdən asılılığa son qoymaq barədə düşünməyib və indi çıxılmaz vəziyyətdə qaldığından qeyri-neft sektorunun inkişaf etdirilməsinə maraq göstərir. Xeyir, qətiyyən belə deyil. İlham Əliyev Prezident seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsinin vacibliyindən danışıb və sonrakı mərhələlərdə bu istiqamətdə konkret tədbirlər həyata keçirilib. Yeri gəlib deyə, Prezidentin düz 11 il əvvəl, Nazirlər Kabinetinin iclasında çıxış edərkən səsləndirdiyi bir fikri növbəti dəfə xatırlatmaq istərdim. O, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasının əsas hədəf olduğunu qeyd edərək belə demişdi: "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu, Azərbaycan neft ölkəsi deyil". Məhz Prezidentin həmin vaxtdan bəyan etdiyi bu kursun nəticəsidir ki, bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri neft sektorunun payı 70 faizə çatıb. Prezident düz 11 il əvvəl bu yolu göstərib və o vaxtdan bu günə qədər kifayət qədər ciddi addımlar atılıb ki, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulsun. Bu, asan və qısa müddət tələb edən məsələ deyil. Azərbaycanın neft sənayesinin 200 ilə yaxın tarixi var. Biz bu sahədə bir çox ilklərə imza atmışıq. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamış ölkədir. Yəni neft bizim əsrlər boyu formalaşmış iqtisadi sistemimizin bazasını təşkil edib və bu da təbii haldır. İndi bəziləri deyir ki, Azərbaycan iqtisadiyyatında neft amili bir neçə ilə aradan qaldırılmalı idi. Axı bu, mümkün deyil. Neft faktoru üzərində möhkəmlənmiş iqtisadiyyatı qısa müddət ərzində şaxələndirmək olmur və bunu iddia edən adamlar ancaq cəfəngiyat danışırlar. Bu proses mərhələli şəkildə həyata keçirilməlidir və Azərbaycan da öz hədəfinə doğru sistemli və xüsusi proqramlarla "silahlanmış" şəkildə gedir. Azərbaycanda sahibkarlığın və ümumi anlamda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas məqsədlərindən biridir və bu strateji xətt öz başlanğıcını İlham Əliyevin prezident seçildiyi ilk günlərdən götürür.
S.İsmayılbəyli