İnqilabi bir dönüşün başlanğıcı
Fikrət Yusifov: “Bütün əngəllər aradan qaldırılacaq”
20 Oktyabr 2015 14:33 İqtisadiyyatAzərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında bir sıra vacib məsələlərlə yanaşı sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını da irad kimi bildirmiş, bu tipli yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd etmişdi. Dövlət başçısı qətiyyətlə bildirmişdi ki, belə halların qarşısı alınmalıdır. Prezident bundan nəticə çıxarmayanların cəzalandırılacağını bildirmişdi. Məlum müşavirdən sonra əksəriyyət ekspertlər hesab edirdilər ki, tezliklə prezident tərəfindən sahibkarlarla bağlı müəyyən addım atılacaq. Gözlənildiyi kimi çox keçmədən prezident İlham Əliyev sahibkarları, eləcə də bütün ictimaiyyətin diqqətini çəkən və təqdir olunan addım atdı. Belə ki, 2015-ci oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub. Heç şübhəsiz ki, dövlət başçısının bu addımı sahibkarlarla yanaşı ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Onlar bunun ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsinə zəmin yaradacağı və sağlam rəqabət mühitinin formalaşacağı kimi xarakterizə edirlər.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, bundan sonra sahibkarlar üçün bütün əngəllər aradan qaldırılacaq: "Son illər ərzində ölkə iqtisadiyyatının neft amilindən asılılığının minimuma endirilməsi istiqamətində hökumətin atdığı məqsədyönlü addımlar Ümumi Daxili Məhsulun strukturunun əsaslı şəkildə dəyişilməsinə gətirib çıxara bilib. Ekspert hesab edir ki, bu kursun bundan sonrakı dövrdə daha da səmərəli aparılması və bu yolda daha yaxşı nəticələrin əldə edilməsi isə bu gün ölkədə sahibkarlığın inkişafına əngəl ola biləcək bütün maneələrin aradan qaldırılmasından birbaşa asılıdır: "Bu maneələrdən biri də ölkədə sahibkarların müəyyən fəaliyyət növlərinə lisenziyaları və xüsusi icazələrin sayının həddindən artıq çox olmasıdir. Son on ildən bir qədər artıq vaxt ərzində lisenziyaların sayı iki dəfəyə yaxın artaraq 60-a çatıb. İlk növbədə sahə maraqlarından çıxış edən aidiyyatı qurumlar zərurət olan və olmayan fəaliyyət növlərinə lisenziyalar müəyyən etməklə bu yolla sahibkarları özlərindən asılı vəziyyətə salmağa və çirkin əməllərə münbit şərait yaradılmasına nail olmuşdular. Elə bu səbəbdəndir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkədə bu halların mövcudluğundan narahatçılığını ifadə edən ölkə Prezidenti "Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur" dedi". Fikrət Yusifov bildirib ki, lisenziya və xüsusi icazələrin verilməsi sahəsində yaranmış bu vəziyyətin aradan qaldırılması yolunda elə ilk və cəsarətli addımı da Prezident özü atdı: "Dövlət başçısının oktyabr ayının 19-da "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" imzaladığı Fərman təkcə lisenziyaların və xüsusi icazələrin deyil bütıvlükdə sahibkarlığın inkişafının qarşısında əngələ çevrilmiş bütün məqamların tezliklə aradan qaldırılması yolunda inqilabi bir dönüşün başlanğıcını qoydu. Əslində çox sadə görünən bir işin - lisenziyanın əldə edilməsinin çətinliklərini yaşamış sahibkarlar Prezidentin bu addımını alqışladı. Çünkü bu yolun nə qədər çətin bir yol olduğunu ilk növbədə onlar çox yaxşı bilirlər. Fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir və nazirliyə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi barədə ölkə başçısına təkliflər vermək tapşırığı verilib. Bütövlükdə bu məsələlərin bir mərkəzdən idarə edilməsi çox vacib idi ki, bu da öz həllini Fərmanda tapdı. Lisenziya və xüsusi icazələrin İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə verilməsi bu işdə vətəndaş - məmur təmaslarının əsaslı şəkildə aradan qaldırılması deməkdir". Mərkəz rəhbərinin sözlərinə görə, fərmanda ən çox diqqət cəlb edən məqamlardan biri isə sahə qurumlarının zəruri hallarda rəyinin soruşulması və bu sorğuya müəyyən edilmiş vaxtda cavab verilmədikdə onların rəyinin avtomatik olaraq müsbət olduğu qənaətinə gəlinməsidir: "Hesab edirəm ki, bu məsələdə İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəsisləri sahə qurumlarının verəcəkləri rəylərin obyektivliyini, onların qərəzli olub olmaması hallarını da araşdırmaq səlahiyyətinə malik olmalıdırlar. Qərəzli rəy verildiyi halı müəyyən olunarsa həmən rəy müsbət rəy kimi qəbul olunmalıdır. Əks halda sahə qurumları "mənfi rəy" verməklə sahibkarlara "təsir etmək" fürsətindən yararlana bilərlər. İqtisadiyyat və Sənate Nazirliyində belə səlahiyyətin olması o demək olacaqdır ki, lisenziya və xüsusi razılıq verilməsi işində sahə strukturları məmur-vətəndaş təmaslarından tam məhrum olacaqlar. "Elektron lisenziya" portalının yaradılması isə bu məsələdə tam dönüş edilməsi demək olacaqdır.
Süleyman