Elman Rüstəmov: "Bank sektoru ödəniş qabiliyyətini qoruyub saxlayacaq"

İlin əvvəlindən Mərkəzi Bankın tövsiyəsi ilə 110 minə yaxın kredit restruktizasiya edilib. Bu barədə Milli Məclisin oktyabrın 13-də keçirilən iclasında gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, bu da əhalinin borc yükünün yumşaldılmasına xidmət edir: "Müxtəlif uzanma dövründə bəzi banklar faiz almırlar. Hesab edirəm ki, banklar bu prosesdə daha fəal olmalıdırlar". O, bildirib ki, hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir: "İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. biznes krediti verilib. Problemli kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 6,5%-dir". E.Rüstəmov qeyd edib ki, kapital adekvatlılığı 17%-dir. Onun sözlərinə görə, beynəlxalq standartlara görə 8% olmalıdır: "Bank sektorunun məcmu kapitalı son ildə 2 dəfə artaraq 4,2 mlrd. manata çatıb. Likdvidlik tələbi 2 dəfədən çox üstələyir. Stress testlər göstərir ki, bank sektoru ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlayacaq". Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının alacağı vəsaitlər kredit faizlərinin azalmasına səbəb olacaq: "Azərbaycan Beynəlxalq Bankının səhmlərinin dövlətə məxsus hissəsini özəlləşdirməsinin icrası istiqamətində müvafiq tədbirlər görülür. Sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa sosial iqtisadi proqramlar, o cümlədən ipoteka proqramına qoşulmasına imkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31