Hansı banka etibar etmək olar?
Ekspert: “Yüksək faiz təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın”
12 Oktyabr 2015 18:30 İqtisadiyyatBir sıra bankların öhdəliklərini yerinə yetirə bilməməsi bəzi vətəndaşlarımızda pullarının əmanət formasında saxlanılması ilə bağlı müəyyən tərəddüdlər yaradıb. Lisenziyası hələ də ləğv edilməyən 2 bankda əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi problemi daha da aktuallaşdırıb. Nəticədə, Mərkəzi Bankın rəsmi məlumatına əsasən, banklarda əgər bu il iyuluun 1-ə 7 milyard 653 milyon manatlıq əmanət vardısa, bu göstərici avqustda 7 milyard 605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi 333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla yanaşı, hətta sadəcə təhlükəsizlik baxımından vətəndaşların öz pullarını evlərində deyil, banklarda saxlaması daha məqsədəuyğundur. Bəs, əmanəti hansı bankda saxlamalı? Əmanti yerləşdirən zaman nələrə diqqət yetirilməlidir?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, pulunuzu əmanət kimi banka yerləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar: "Eyni zamanda, bankın internet səhifəsində maliyyə hesabatlarının mütəmadi yerləşdirilməsinə diqqət yetirmək lazımdır. Öz maliyyə hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə edilmir. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyünün bir daha yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı dəyişikliklərin baş vermədiyinə əmin olmaq üçün üzvülük statusuna baxılması düzgün qərar qəbul etməyə imkan yaradar". Ekspet hesab edir ki, bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun keçirilməsinə ehtiyac var: "Bununla da siz əməkdaşlıq etməyi düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq müəyyənləşdirə bilərsiniz. Çünki tanışlarınızın üzləşdiyi problemlər Sizin qərarlarınıza birbaşa təsir göstərəcək və onların fikrirləri real vəziyyəti əks etdirir. Bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər, bu şərtlərdən hər hansı biri yoxdursa o zaman bir daha düşünməyiniz lazımdır. Bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçıyə görə aparılır. Nəhayət, yüksək faiz təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın".
Alim