Azərbaycan milyonların sahibi olacaq

Xarici ölkələrin Azərbaycana və onun təşkilatlarına 332 milyon manat borcu var

Hazırda xarici dövlətlərin Azərbaycana və onun təşkilatlarına 332 milyon manat, yəni 316,6 milyon ABŞ dollarıhəcmində borcu var.Bunu Maliyyə Nazirliyi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib. Həmin borclar Gürcüstan, Serbiya və Belarusiyaya aiddir. Məlumata əsasən Gürcüstanın borcu 10,8 milyon ABŞ dolları (təxminən 11,3 milyon manat), Serbiyanınkı isə 191,3 milyon avrodur (təxminən 226 milyon manat).Belarusiyanın isə Azərbaycanın kommersiya bankı Kapital Bank ASC-ə 92,3 milyon ABŞ dolları (təxminən 97 milyon manat) məbləğində borcu var. Bu kredit vəsaiti Belarusiyanın dövlət zəmanəti və bunun müqabilində Azərbaycan hökumətinin qarşılıqlı zəmanəti əsasında Belarusiyanın dövlət şirkəti (Belaruskaliy) ayrılıb.Ümumiyyətlə, borc müxtəlif məqsədlərlə verilir. Çox zaman əsas məqsəd borcun faizinin hesablanması yolu ilə gəlir əldə edilməsidir. Azərbaycanın da əsas mənfəəti hesablanan faizlərdir.İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri iqtisadçı Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında dövlət büdcəsinin vəsaiti hesabına verilən borclardan danışıb. Onun sözlərinə görə, bu borclar dövlət vəsaiti olduğundan real sektora yönəldilməsi daha məqsədəuyğundur."Bu borclar qaytarıldıqdan sonra Azərbaycan əlavə gəlir mənbəyi əldə edəcək. Bu səbəbdən həmin borcların gələcəkdə gəlir gətirməsi üçün onlar real iqtisadiyyatın müxtəlif sektorlarına, xüsusilə istehsal sektoruna yönəldilməlidir. Əgər həmin borclar iqtisadiyyatın müxtəlif sektorlarında investisiya edilərsə, praktik olaraq sözügedən vəsaitdən daha səmərəli istifadə ediləcək. Ona görə borclar xüsusilə istehsal sektoruna yönəldilməlidir. Vəsaitin istehsal sektoruna yönəldilməsi yeni istehsalın formalaşmasına, o da öz növbəsinə daha çox gəlirin əldə edilməsinə imkan yaradacaq", - deyə iqtisadçı bildirib.Vüqar Bayramov borcların strateji məqsədlərlə verilə biləcəyini də istisna etməyib. "Bəzi hallarda başqa ölkələrə borc verilməsi strateji əməkdaşlıq məsələləridir. Bu zaman əsas məqsəd strateji tərəfdaşların vəsaitlə təmin edilməsi, onlara yardım göstərməkdir", - deyən Vüqar Bayramov hər iki halda ölkənin mənfəət əldə etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31