“Pambıqçılıqda məhsuldarlıq aşağı düşəcək”

Vahid Məhərrəmov: “2015 -ci ildə əvvəlki ilə nisbətən əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın yüngül sənaye sahəsindəki son vəziyyəti dəyərləndirib. Dövlət Statistika Komitəsinin məlumatını xatırladan Vahid Məhərrəmov qeyd edib ki, qurumun məlumatına əsasən, 2015 -ci ildə əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib. V. Məhərrəmov bildirib ki, bununla yüngül sənayenin əsas xammal bazasını təşkil etməklə yanaşı yüksək əlavə dəyər yaradan çox mühüm bir sahə sıradan çıxarılır.: "Onu da qeyd edim ki, 1990-cı ildə - 264 min, 2000-ci ildə -101min, 2005 - 112 min, 2010-cu ildə - 30 min hektar sahədə pambıq əkilib. Əkin sahələrinin ciddi azalması öz növbəsində istehsalın da kəskin azalmasına səbəb olub.Belə ki, 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalmışdı. Son on ilin istehsal göstəriciləri isə bu sahənin tam bərbad hala düşdüyündən xəbər verir. On il əvvəl, 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda keçən il bu göstərici 4,8 dəfədən də çox azalaraq 40,6 min tona düşüb. Onu da xüsusi qeyd edim ki, Azərbaycanın iqtisadi durumu çətin olan zamanda, 1995-ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olduğu halda 2014-ci ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib. Keçən əsrin 90-cı illərin ortalarında bu qədər vəsaitin nə dərəcədə ölkə üçün əhəmiyyətli və vacib olduğunu hesabdan başı çıxan adamlar yaxşı dərk edir. Onu da nəzərə almaq lazımdır ki, 1995- ci ildə mahlıcın qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi".

"İdxala meyllilik artır"

Vahid Məhərrəmov qeyd edib ki, son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyllilik artmaqda davam edir. Eksöertin sözlərinə görə, 2014-cü ildə 2,8 milyon ABŞ dolları dəyərində ölkəyə pambıq, 12,9 milyon dollar dəyərində isə pambıq, keçə və ya fetr və toxunmamış materiallar; xüsusi iplik və onlardan alınmış məmulatlar idxal edilib: "Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır. Sovet hökumətinin vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradılmışdı". Təssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni sürətdə "müflis" elan edilərək dağıdıldı və bəzi məmurlar tərəfindən dəyər-dəyməzinə mənimsənildi".

"Pambıq parça istehsalı da azalıb"

Vahid Məhərrəmov vurğulayıb ki, əldə olunan statistik məlumatlara əsasən, hələ 1995 - ci ildə sənaye müəssisələrində 98, 5 min ton mahlıc istehsal olunduğu halda 2013-cü ildə bu rəqəm 8 dəfə azalaraq 12,1 min ton təşkil edib. "Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdursa, 2013-cü ildə bu göstərici 52 dəfə azalaraq 1,1 milyon kvadrat metrə enib. Rəqəmlərdən göründüyü kimi, bu məhsulun istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə edilən xarici valyutanın azalması ilə yanaşı, həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan çoxlu sayda işçilərin iş yerlərini itirməsinə səbəb olub. Təəssüflər olsun ki, bu hələ son deyil. Belə ki, yuxarıda qeyd etdiyim kimi bu il əvvəlki ilə nisbətən əkin sahəsi 4,1 min hektar azalıb. Bölgələrdən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, bu il pambıqçılıqda məhsuldarlığın aşağı düşəcəyi gözlənilir. Bunu pambıqçılıqla məşğul olan fermerlər maliyyə və su çatışmazlığı ilə əlaqələndirirlər", - deyə V. Məhərrəmov bildirib.




Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31