Dünya Bankının Azərbaycanla bağlı sənədinin analizi
Rövşən Ağayev: “İlk dəfədir ki, Azərbaycan cəmiyyətində orta təbəqənin miqyası barədə etibarlı mənbənin ortaya çıxardığı rəqəm görə bilirik”
22 İyul 2015 15:36 İqtisadiyyatİqtisadçı-ekspert Rövşən Ağayev Dünya Bankının Azərbaycan üçün təsdiq etdiyi 2015-2020-ci illər üzrə "Ölkə Tərəfdaşlıq Çərçivəsi" adlı sənədini analiz edib. "Azərbaycanda əhalinin yoxsulluq səviyyəsilə bağlı hökumətin son 5 ildə dəyişməz saxladığı 5% rəqəminin mübahisəli və şübhəli olduğu çox müzakirə edilib. Aydın məsələdir ki, əsas məsələ "yoxsul kimdir" sualı ilə bağlıdır və bunun da reallığa daha yaxın cavabı yoxsulluğun ölçmə usulundan qaynaqlanır.Məsələn, Azərbaycan hökuməti mütləq yoxsulluq göstəricisindən istifadə edir və hazırda adambaşına gündəlik gəliri təxminən 4.5 dolları ötən şəxslər yoxsul hesab edilmir. Yəni sən ayda təxminən 135 dollar xərcləyirsənsə, yoxsul hesab edilmirsən. Amma, məsələn, Avropa Birliyi ölkələri nisbi yoxsulluq gösətəricindən istifadə edilir. Bu metodologiyaya görə, adambaşına median gəlirlərin 60%-dən az gəlirə malik olan ailələr yoxsul hesab edilir. Bu metodologiya əsasında hesablamaya görə, hazırda AB sərhədləri daxilində 17% əhali (85 milyon nəfər ətrafında) yoxsul sayılır. Dünya Bankının Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikası sənədindən və bunun əsasında Azərbaycan üçün hazırlanan 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi adlı sənəddən aydın olur ki, DB Azərbaycanda yoxsulların sayı ilə bağlı hökumətin rəqəminə toxunulmur - 5% qəbul edilir. Amma Bank əlavə olaraq çox maraqlı bir göstərici hesablayıb. DB ekspertlərinin hesablamasına görə, əhalinin 29%-i orta təbəqəni təmsil edir. Əgər 5% yoxsul, 29% orta təbəqədirsə (cəmi 34%) yerdə qalan 66% əhali hansı təbəqəyə aiddir? DB ekspertlərinin yanaşmasına görə, əhalisinin böyük bir hissəsi (təxminən 65%) yoxsulluqdan çlıxsa da, hələ orta sinfə daxil ola bilməyib. DB orta sinif üçün gündəlik istehlak səviyyəsini 10 dollar götürüb. Kobud desək, 4 nəfərlik ailədə aylıq istehlak səviyyəsi 1200 dolları ötürsə, bu ailələr "orta təbəqə"yə aid edilir. DB bu kateqoriyanı "həssas" qrup adlandırır. Yəni istənilən daxili və ya xarici şok bu qrupu yoxsullar qrupuna ata bilər. Hər halda maraqlı göstəricidi və ilk dəfədir ki, Azərbaycan cəmiyyətində orta təbəqənin miqyası barədə etibarlı mənbənin ortaya çıxardığı rəqəm görə bilirik. Sadəcə bir faktı müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrədə əhalinin təxminən 10-15%-i yoxsulları, 70-75%-i orta təbəqəni 10-15%-i yüksək gəlirli və varlı təbəqəni təmsil edir", - deyə R. Ağayev qeyd edib. ("OLAYLAR" İA)