Beynəlxalq Bankın problemli kreditlərinin idarəçiliyinin "Aqrarkredit" QSC-yə verilməsi təsadüfi hesab olunmamalıdır
Fikrət Yusifov: “ Çünki bu təşkilat kredit bazarında kifayət qədər təcrübəsi olan və problemli kreditlərin idarə olunması sahəsində ixtisaslaşmış maliyyə strukturudur”
21 İyul 2015 13:57 İqtisadiyyatBu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.
Dövlət başçısı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı on beş gün müddətində "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Bəs görəsən Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması bu istiqamətdə nəyi dəyişəcək?
Sabiq maliyyə naziri, 90-cı illərin sonunadək Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olmuş Fikrət Yusifov bildirir ki, Beynəlxalq Bankın maliyyə sabitliyinin təmin edilməsi və bu yolla da onun özəlləşməyə hazırlanması məqsədilə imzalanmış Prezident fərmanı olduqca əhəmiyyətli addımdir: "Beynəlxalq Bank ətrafında yaranmış vəziyyətdə onun sağlamlaşdırılaraq özəlləşdirilməyə çıxarılması ən düzgün seçimdir". Mətbuat səhifələrində Prezident fərmanına fərqli münasibətlərə rast gəlindiyini qeyd edən sabiq maliyyə naziri qeyd edib ki, bəzi hallarda məsələyə doğru qiymət verilmir. Onun sözlərinə görə, bəziləri yazırlar ki, dövlət müəssisəsinin özəlləşdirilməsində məqsəd bu özəlləşmədən sonra həmin müəssisənin sağılamlaşdırılmasına nail olmaqdan ibarətdir və elə bu səbəbdən Beynəlxalq Bank da eyni prinsiplərlə özəlləşdirilməli idi: "Lakin Prezidentin fərmanı nəzarət zərfi dövlətə məxsus olan bankı əvvəlcə sağlamlaşdırmaq və yalnız bundan sonra özəlləşdirmək yolunu nəzərdə tutur. Əlbəttə, Beynəlxalq Bankı da digər müəssisələr kimi sağlamlaşdırma tədbirləri görmədən özəlləşdirmək olardı. Lakin bankı yalnız sağlamlaşdırdıqdan sonra özəlləşdirməyə çıxarmaq qərarının çox ciddi əsasları var. Burada əsas məqsəd bankın bütün səviyyələrdən olan müştərilərini gələcəkdə yarana biləcək hər hansı problemlərlə üzləşməkdən tam sığortalamaqdan ibarətdir. Unutmaq lazım deyil ki, bank adi müəssisə deyil. İndiki halda isə söhbət yüz minlərlə əmanətçisi olan, cəlb edilən əmanətlərin və kredit qoyluşlarının həcminə görə ölkənin ən iri bankı sayılan Beynəlxalq Bankdan gedir. Məlum fərmanla dövlət bütün məsələlərin həllində olduğu kimi, bu məsələnin də həllində vətəndaşların yanında olduğunu göstərdi". Fikrət Yusifov bankın prioblemli kreditlərini ayıraraq idarə etmək üçün "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsinin birmənalı qarşılanmamasına da münasibət bildirib. Qeyd edib ki, bəziləri məsələlərin mahiyyətini dərindən araşdırmırlar: "Hesab edirəm ki, yanaşmaların bir çoxu məlumatsızlıqdan irəli gəlir. Hər bir addımı, hər bir qərarı əsaslandıran şərtlər və amillər var. Məlumatı olmayan, primitiv hesablamalar və təhlillərlərlə gündəmdə qalmağa çalışan "ekspertlər" yazırlar ki, Beynəlxalq Bankın problemli kreditləri guya bu sahədə təcrübəsi olmayan bir struktura həvalə olunub. Qətiyyən belə deyil. Beynəlxalq Bankın problemli kreditlərinin idarəçiliyinin "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi təsadüfi hesab olunmamalıdır. Çünki bu təşkilat kredit bazarında kifayət qədər təcürbəsi olan və problemli kreditlərin idarə olunması sahəsində ixtisaslaşmış maliyyə strukturudur. "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası üzrə Bankının bazasında yaradılmışdı. Nəzərə almaq lazımdır ki, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı yaradılarkən keçmiş Aqrar Sənaye Bankının təşkilati hüquqi forması saxlanılıb. 2001-ci ildən fəaliyyət göstərən bu təşkilat 14 illik fəaliyyəti müddətində problemli kreditlərin idarə olunması sahəsində öz hesabına kifayət qədər ciddi nəticələr yazıb. Onun rəhbəri isə respublikada peşəkar bank mütəxəssislərindən biridir. Beynəlxalq Bankın problemli kreditlərinin məhz bu təşkilata verilməsi tamamilə düzgün seçimdir".
Süleyman