“Yerli vergi ödəyicilərinin biznes dövriyyəsi xarici sahibkarlardan 15 dəfə çoxdur” – Ekspert

"Yerli vergi ödəyicilərinin ümumi biznes dövriyyəsi burda çalışan xarici sahibkarlardan təxminən 15 dəfə çoxdur". "Olaylar"ın xəbərinə görə, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib. "2014-cü ilin büdcə məlumatlarını təhlil edəndə maraqlı bir rəqəmlə rastlaşdım. Deməli, Azərbaycanın yerli vergi ödəyiciləri dövlət büdcəsinə 1.921 milyard manat ƏDV, 574 milyon manat mənfəət vergisi ödəyiblər", - deyə R. Ağayev qeyd edib. Ekspertin sözlərinə görə, ən kobud hesablamalara əsasən 1.9 milyard manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi 10 milyard manatdan da bir qədər çox olmalıdır: "Əgər dövriyyə bu həcmdədirsə, deməli yerli vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 5%-i qədər mənfəət vergisi ödəyirlər. Xarici vergi ödəyiciləri (bura xarici neft şirkətləri aid deyil) isə 126 milyon manat ƏDV, 265 milyon manat isə mənfəət vergisi ödəyiblər. Yenə də ən kobud hesablamalara görə, 126 milyon manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi təxminən 700 milyon manat olmalıdır. Əgər dövriyyə bu həcmdədirsə, deməli xarici vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 35%-i qədər mənfəət vergisi ödəyirlər. İki rəqəm arasında fərqi görürsünüzmü - yerli vergi ödəyicilərinin ümumi biznes dövriyyəsi burda çalışan xarici sahibkarlardan təxminən 15 dəfə çoxdur, amma ödədikləri mənfəət vergisi cəmi 2 dəfə fərqlənir. Məlumat üçün deyim ki, neft sektoru istisna olmaqla Azərbaycanın vergi qanunvericiliyi rezident və qeyri-rezident vergi ödəyiciləri üçün fərqli vergi rejimi müəyyən etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31