
"EvroBank" ASC
"EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilmişdir. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
"Azərbaycan Kredit Bankı" ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir.

"Azərbaycan Kredit Bankı" ASC
Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. "Azərbaycan Kredit Bankı" ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəldilib.
Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev də bu qərardan sonra bəzi bankların bağlanabiləcəyini qeyd etmişdi.