Kreditə tələbat azalır

Ölkədə kreditə tələbat enməklə yanaşı, bu sahədə təklif də pis vəziyyətdədir və bu, getdikcə daha dərinləşməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, banklar tərəfindən manatla kredit təklifini bərpa etmək və ümumiyyətlə kredit təklifini artırmaq üçün Mərkəzi Bank (AMB) vəziyyətə daha fəal şəkildə müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərməlidir: "Bunun başlıca yolu isə AMB tərəfindən ayrılan mərkəzi kreditlərin həcmini artırmaqdan keçir. O baxımdan ki, sözügedən qurum həm mart-aprel-may ayları ərzində dövriyyədən yığılan manatı tədricən geri qaytara bilsin, həm də ümumən kredit təklifini genişləndirərək yaxşılaşdırsın. Bunu isə yalnız ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkündür. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsini endirməklə". Ekspert bildirib ki, AMB uçot faiz dərəcəsini 2012-ci ilin dekabr ayının 12-dən aşağı salır: "Həmin vaxta qədər bu 5,25 faiz idi ki, qeyd olunan tarixdə 5 faizə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-dan isə 3,5 faizə endirib. Sonuncu məlumata əsasən, AMB İdarə Heyəti 13 iyul 2015-ci il tarixdən - yəni bu gündən uçot dərəcəsinin 3,5-dən 3 faizə endirmək haqda qərar qəbul edib. Fikrimizcə, həm manatın dəyərdən düşməsinə, həm də banklar tərəfindən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, ölkədə kredit verilməsini devalvasiyadan əvvəlki vəziyyətə qaytarmaq - tam bərpa etmək üçün AMB uçot faiz dərəcəsini azı 2 faizədək aşağı salmalı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31