“Yunanıstan serialı hələ bitməyib”

Natiq Cəfərli: “Məsələlər sadə görünsə də, müzakirələr uzun müddət aparacaq”

"Əldə edilmiş razılaşma "Yunanıstan serialı"nın son seriyası deyil. Anlaşmanın şərtləri əsasında yeni problemlərin ortaya çıxmaq ehtimalı yüksəkdir". İqtisadçı-ekspert Natiq Cəfərli Yunanıstanla Avroqrup İttifaqı arasında əldə edilmiş bric-kredit anlaşması barədə "Olaylar"a açıqlamasında belə deyib. Yunanıstanın üzərinə çox ciddi öhdəliklərin qoyulduğunu deyən N. Cəfərlinin sözlərinə görə, iyulun 15-nə kimi Çipras hökuməti 3 mühüm qanun layihəsini Parlamentdən keçirməlidir: "Təqaüd qanunları ilə bağlı dəyişikliklər olmalıdır. Təqaüdlər dondurulmalı, artımı dayandırılmalı, təqaüd yaşı artırılmalı və erkən təqaüdə çıxmaq şərtləri sərtləşdirilməlidir. Hesab edirəm ki, bu məsələlərlə bağlı Yunanıstan parlamentində ciddi diskussiyalar olacaq. Yunanıstan eyni zamanda vergiləri qaldırmalıdır. Həmçinin 50 milyard avroluq dövlətin əlində olan əmlakı anlaşmanın müqabilində girov qoymalıdır. Üç il ərzində anlaşmadan çıxan şərtlərə əməl etməsə və borcların geri dönüşünü təmin etməsə, qoyduğu girov qanunlara uyğun olaraq satılmalı Avropa Mərkəzi Bankına və Beynəlxalq Valyuta Fonduna olan borclar bağlanılmalıdır. Bu şərtlər Yunanıstan üçün çox ağırdır və hökumətin çox populist olduğunu, parlamentdə əksəriyyətin aşırı sol Siriza Partiyasının deputatlarının olmasını nəzərə alsaq, qanunların parlamentdən keçirilməsi prosesi çətin olacaq. Avropa tərəfində də vəziyyət o qədər ürəkaçan deyil. Çünki anlaşma avrozonaya daxil olan ölkələrin 8-i tərəfindən təsdiqlənməlidir. Bundan sonra anlaşma qüvvəyə minməlidir. Avrozonada səsvermə Yunanıstan parlamentinin qərarından sonraya saxlanılıb. Məsələlər sadə görünsə də, müzakirələr uzun müddət aparacaq. Belçika, Almaniya və Hollandiya parıamentlərində geniş müzakirələrin olacağını indidən demək olar. Yəni, hələ ki, Yunanıstan hekayəsi bitməyib. Əgər Yunanıstan parlamenti qanunları parlamentdən keçirə bilməsə, digər ölkələr məsələni səsverməyə çıxarmayacaqlar. İnvestorlar da başa düşürlər ki, bu qəbul edilməsi çox çətin anlaşmadır. Ona görə də, bu gündən etibarən, dünya birjalarında avronun məzənnəsində artım tempi xeyli zəifləyib. Az da olsa, avronun məzənnəsində azalmalar müşahidə olunur. Əgər 15-də Yunanıstan parlamentində qərar verilsə, proses mexanizmi işə düşəcək. Bundan sonra iyulun 20-dək proses bitəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31