Londonda Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
13 İyul 2015 14:41 İqtisadiyyatLondonda, Viktoriya Konfrans Mərkəzində SOCAR-ın Böyük Britaniya nümayəndəliyi və Birləşmiş Krallığın Ticarət və Sənaye Agentliyinin (UKTI) təşəbbüsü ilə Agentliyin "Böyük Dəyər İmkanları" (High Value Opportunities) proqramı çərçivəsində işgüzar brifinq keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, brifinq Azərbaycanın neft və qaz sənayesində yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə həsr olunub. Agentliyin Enerji və İnfrastruktur bölməsinin rəhbəri Campbell Keir brifinqi giriş sözü ilə açaraq, Azərbaycanın neft və qaz sənayesində son dövrlər qazanılmış uğurlardan bəhs edib. Daha sonra, Azərbaycan Respublikasının Böyük Britaniya Krallığındakı səfiri Tahir Tağızadə tədbir iştirakçılarını salamlamış və ölkələr arasında uğurlu əməkdaşlığın tarixindən bəhs edib. Qeyd olunub ki, "Böyük Dəyər İmkanları" proqramı bundan əvvəl 10 ölkədə tətbiq olunmuş və öz müsbət nəticələrini verib. SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tədbirdə çıxış edərək, Azərbaycanda sərmayələr üçün əlverişli şəraitin yaradılmasından danışıb. O, Azərbaycanda yerli istehsalın inkişafının dövlət üçün prioritet olduğunu vurğulayıb.