Faiz dərəcələrinin endirilməsi nəyi dəyişəcək?
Vüqar Bayramov: “Uçot dərəcələrinin endirilməsi bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradır”
13 İyul 2015 13:44 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib. AMB-nin məlumatında deyilir ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir. Cari ildə iqtisadi tsikldəki yeni meyllərə adekvat olaraq makroiqtisadi siyasətdə həyata keçirilən mühüm təshih tədbirləri milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlib. Qeyd olunur ki, həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyə balansının strateji dayanıqlığına müsbət təsir edib. Eyni zamanda, makroiqtisadi sabitlik qorunub, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb. Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub. Azərbaycan Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib. Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə də faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır. Eyni zamanda, inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır. Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 13 iyul 2015-ci il tarixindən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.
Bəs, uçot dərəcəsinin 3,5 faizdən 3 faizə endirilməsi nəyi dəyişəcək? İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sözügedən bankın istehlak kreditlərində komisiyon haqqlarının məhdudlaşdırılması ilə bağlı ötən həftəki addımından sonra faizlərin mərhələli azalacağı istisna edilmirdi. Komisiyon haqqlarının azaldılmasının banklarda kredit faizlərinin artıracağı ilə bağlı fikirlərin olmasına rəğmən o zaman da qeyd etdiyimiz kimi bu addım faizlərin tənzimlənməsinə hesablanmışdı. Elə "retail bankçılıqla" məşğul olan bir neçə bankın istehlak kreditləri üzrə faiz dərəcələrinin artırdıqdan qısa müddət sonra əvvəlki səviyyəsinə qaytarması da məhz bundan xəbər verirdi. Bu baxımdan, Mərkəzin Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarını məhz məhdudlaşdırılan komisiyon haqlarının sonra banklara jest kimi də dəyərləndirilə bilər: "Uçot dərəcəsinin aşağı salınması kommersiya banklarına daha aşağı fazilə mərkəzləşdirilmiş kreditlərdən istifadə imkanı verəcək. Bu isə xeyili ucuz vəsaitlər cəlb edən bankların daha aşağı faizli kredit təklif etməsinə gətirib çıxara bilər. Mərkəzi Bankın açıqlamasında bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasının xüsusi qeyd edilməsi də məhz bundan xəbər verir. Təbii ki, uçot dərəcələrinin endirilməsindən sonra Mərkəzi Bank bütün kommersiya banklarının sözügedən maliyyələşmədən istifadə imkanlarının genişləndirilməsinə çalışmalıdır. Bu baxımdan, uçot dərəcələrinin endirilməsinin bank faizlərinin aşağı salınması üçün iqtisadi və psixoloji əsas yaradacağı istisna edilmir". Onun sözlərinə görə, son 2 ayda xarici valyutalara təklifin azalması və Mərkəzi Bankın valyuta ehtiyatlarında müşahidə edilən artım uçot dərəcəsinin endirilməsini mümkün etməklə yanaşı artıq baş bankın bazara müdaxilə rıçaqlarının artdığını göstərir. Yeni maliyyə mənbələrdən vəsait cəlb edən Mərkəzi Bank intervensiya xərclərinin tənzimlənməsi fonunda məzənnə siyasətindən artıq faiz siyasətinə keçid edir. Bu isə gündəliyi milli valyutanın məzənnəsi məsələsi ilə uzun müddət zəbt edilən Mərkəzi Bank kredit faizlərinin endirilməsini yenidən öz agendasına daxil etmək istəyini göstərir. Bundan başqa, uçot dərəcəsinin endirilməsinin bazara psixoloji təsirləri olacaq. Bu eyni zamanda kredit faizlərinin aşağı salınacağı ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər. Həmçinin, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalıblar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyi demək idi: "Bu qərarından sonra Mərkəzi Bankın bankları real sektoru daha çox maliyyələşdirilməsinə təşviq etməyə çalışacağı güman edilir. Real sektoru maliyyələşdirməkda xüsusi maraqlı görsənməyən banklar aşağı uçot dərəcəli mərkəzləşdirilmiş kreditlər ilə bu sektora meyillənə bilərlər. Nəhayət, uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarın kredit bazarına təsirlərinin qiymətləndirilməsi üçün Mərkəzi Bankın daimi monitorinqlər aparıb nəticələri ictimaiyyətlə bölüşməsinə ehtiyac var. Baş bankda bu addımın kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesinmaliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə atıldığını bəyan etməsini nəzərə alsaq deməli müəyyənləşdirilmiş hər bir indikator üzrə monitorinqin aparılmasına ciddi ehtiyac olacaq".
Alim