“Azərbaycanda Maliyyə Ombudsmanı yaradılmalıdır”

Samir Əliyev: “Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır”

"Bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib. Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər". Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. "Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var", - deyə S. Əliyev qeyd edib.

"Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir"

Samir Əliyevin sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün təcili olaraq, maliyyə ombudsmanı yaradılmalıdır. Ekspet bildirib ki, bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur: "Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Ukraynada siyasi böhran nəticəsində hələki təşəbbüs səviyyəsində qalıb. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır".

""İstehlak kreditləri haqqında" Qanun qəbul edilməlidir"

Həmçinin Samir Əliyev qeyd edib ki, "İstehlak kreditləri haqqında" Qanun qəbul edilməlidir. S. Əliyevin sözlərinə görə, Azərbaycanda isə mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur: "Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələbləri bank müştərilərinə şamil edilmir. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştatlar səviyyəsində baş verir. Avropa Birliyinə üzv ölkələr üçün milli qanunvericilikdə və istehlak krediti sahəsində direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna və Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir. Bu təklifləri uzun illərdir səsləndiririk. Görünür yenə davam etməliyik. Təbii ki, ən vacibi kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsidir. Ancaq kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsi təkcə bank sektorundan asılı deyil. Ölkənin makroiqtisadi sabitliyindən tutmuş sahibkarlıq mühitindəki rəqabət səviyyəsi kredit faizlərinə təsir edir. Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etməklə, xərclərini optimallaşdırmaqla xərclərin azaldılması üzərində düşünməlidir. Bankların sayının azaldılması bu istiqamətdə töhfə verə bilər. Dollar kreditlərində azalma müşahidə edilir. Uyğun enişin manat kreditlərində də baş verməsi lazımdır".


Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31