I divizionda baş verən hadisəyə klub prezidentindən sərt reaksiya: "Ayıb olsun onu deyənlərə"

Dünən I Divizionda "Şahdağ Qusar" - "Qaradağ Lökbatan" matçında xoşagəlməz hadisə yaşanıb. Belə ki, qonaq komandanın futbolçusu Timur Dadaşovun ayağı oyun epizodlarının birində sınıb. "Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov dünən verdiyi açıqlamada Qusarda heç bir şəraitin olmamasından, hətta ayağı sınan futbolçunun velosiped təkərli "vilis" maşını ilə daşınılmasından şikayətlənib. "Şahdağ Qusar"ın prezidenti Ərəstun Niftiyevlə əlaqə saxladıq və o, olan hadisələr haqda Futbol11.az-a danışdı: "Bu xəbərləri bu gün səhər oxudum, həqiqətən məyus oldum. Demək olar ki, bu barədə bütün saytlar yazmışdı. Adil Mahmudova zəng etdim, amma nömrəsinə zəng çatmadı. Ayıb olsun o sözləri deyənə. Guya avtobus, təcili tibbi yardım maşını olmayıb, amma oyun PFL-in reqlamentinə əsasən keçirilib. Hər komandanın həkimi və təcili tibbi yardım maşını da ordaydı. Hətta futbolçunu təcili tibbi yardım maşına aparanda "nasılka"nın bir tərəfindən mən tutmuşdum. Qaldı ki,həmin hadisəyə, bu futboldur və heç kim futbolda zədədən sığortlanmayıb. Yadınıza salın, bir neçə il əvəl "Abşeron" - "Şahdağ Qusar" matçında bizim futbolçu Nurəddinin aldığı zədəni. Onda gərək mən də açıqlama verərdim ki, "Abşeron"un futbolçuları qəsdən edir.  İstəmərəm ki, futbolda kimsə belə zədə alsın. Çünki hamısı azərbaycanlı balasıdır. Orda yazılıb ki, Qusar şəhər xəstəxanasında nə həkim vardı, nə də növbətçi. Düzdü, Qusar Bakı kimi inkişaf etməyib, amma bu o demək deyil ki, 15-ci əsrdə yaşayırıq, Xəstəxanamız da var, orda da növbətçilər var idi. Bəs yaxşı futbolçunun ayağını kim rentgenə saldı, kim onun ayağına gips qoydu. Gecə saat 10 olduğu üçün xəstəxananın baş həkimi orda yox idi. Amma ordakılar əlindən gələn köməkliyi etdilər. Bir qalmışdı, kağıza vurulan möhür, o da baş həkim orda yox idi, kağıza bu gn möhür vurdurub Bakıya göndərdim. Sonra deyir ki, futbolçunu "vilis"lə yola salıb. Futbolçunu saat 22:15-də "Mercedes" markalımaşına qoyub özüm yola salmışam. Hətta bütün xərcləri öz üzərimizə götürdük, "Qaradağ Lökbatan"ın bir qəpikdə xərci çıxmayıb. İndi deyirəm, mən o futbolçuya əlimdən gələn köməkliyi etməyə hazıram. Dünən "Şahdağ" rəhbərliyi, baş məşqçi və adminstrator heyəti xəstəxanada idi. Hətta xəstəxandan çıxdıqdan sonra dedim "gəlin gedək qonağım olun".
Yəqin Adil müəllim o sözləri deyəndə hirsli olub, amma gərək həqiqətləri deyərdi. Burda baş verənlərdən PFL rəsmisi Melik Həsənovun da xəbəri var idi. Nə baş verirdisə, onla əlaqə saxlayırdım. O da məndən əlimdən gələn köməkliyi göstərməyi xahiş etdi, mən də bunu etdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31