Bakıda 41 ölkə güləşəcək
20 Avqust 2012 20:40 İdmanBakıda keçiriləcək yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatında 41 ölkədən idmançılar mübarizə aparacaqdır.AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov avqustun 20-də keçirdiyi mətbuat konfransında söyləmişdir.Ə.Cəfərov bildirmişdir ki, avqustun 21-dən 27-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək mundialda ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda tam heyətlə çıxış edəcəkdir. Dünya çempionatının London Yay Olimpiya Oyunlarından sonra təşkil olunması ilə əlaqədar xüsusi təşkilat komitəsi yaradılmışdır. Artıq çempionatla bağlı bütün hazırlıq işləri yekunlaşmaq üzrədir. Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən ölkəmizə ezam olunmuş əlaqələndirici şəxs hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirmişdir.Çempionatın açılış mərasimində FİLA-nın prezidenti Rafael Martinettinin iştirak edəcəyini söyləyən Ə.Cəfərov görüşlərin idarə olunmasında yerli hakimlərin qüvvələrindən də istifadə ediləcəyini vurğulamışdır. Baş katib vurğulamışdır ki, yeniyetmələr arasında dünya çempionatı 12 illik fasilədən sonra yenidən təşkil olunmağa başlanmışdır. 1999-cu ildə Polşada keçirilmiş yarışdan sonra bəzi ölkələrin çempionatda iştirakdan imtina etməsini və maddi problemləri nəzərə alaraq FİLA mundialı tədbirlər cədvəlindən çıxarmışdı. Lakin 2010-cu ildə yeniyetmələr arasında Sinqapurda birinci Yay Olimpiya Oyunlarının təşkilindən sonra təşkilat dünya çempionatını yenidən cədvələ əlavə etmiş və 2011-ci ildə mundial Macarıstanda keçirilmişdi.
Ölkəmizdə ilk dəfə çimərlik güləşi yarışının keçiriləcəyini diqqətə çatdıran Ə.Cəfərov bu idman növündə də idmançılarımızın uğurlar qazandığını diqqətə çatdırmışdır.