Toğrul Əsgərovun ailəsinin çempionluq təəssüratları - FOTO

London Yay Olimpiya Oyunlarında ölkəmizə çoxdan gözlənilən ilk qızıl medalı qazandıran Toğrul Əsgərovun böyük uğuru bütün soydaşlarımızı sevindirib. Azərbaycanın hər guşəsində olduğu kimi, avqustun 11-də olimpiadanın sərbəst güləş növündə çempionun final mübarizəsini onun doğma şəhəri Gəncə də göz qırpmadan izləyib. Şəhərin baş meydanına yığışmış minlərlə insan həmin anlarda Vətən üçün şərəf hisslərini böyük coşqu ilə ifadə edib. Həmin axşam olimpiya qəhrəmanımızın ailə üzvləri də Gəncənin 4-cü mikrorayonundakı mənzildə, ekran qarşısında çox həyəcanlı, eyni zamanda qürurlu anlar keçiriblər. Olimpiya çempionu Toğrul Əsgərovun anası İnarə Məmmədova həmin vaxt ömrünün ən xoşbəxt anlarını yaşadığını söyləyir: "Toğrulun hələ lap kiçik yaşlarından idmana marağı olub, daim öz üzərində işləyib və həmçinin olimpiya qızılınadək çoxsaylı qələbələrə imza atıb. Onun bu qələbəsi məni bir ana kimi çox sevindirib. Sevincimin həddi - hüdudu yoxdur. Həmin gün televiziyanın qarşısında keçirdiyim, sevinc qürur və həyəcanı dillə demək mümkün deyil". Enarə xanım da bütün analar kimi, oğlunun evlənməsini, nəvələri olmasını arzulasa da, bu işdə Toğrulun rəyinin də əsas olduğunu bildirir. Toğrulun məktəbli bacıları da onun böyük uğuru, Vətən bayrağını yüksəyə qaldırması ilə fəxr etdiklərini bildirdilər. Toğrulgilin yaxın qonşuları da bu sevincli və onun Gəncəyə dönəcəyi intizarı ilə keçən günlərdə bu ailənin yanındadırlar. Onlar da sadə və təvazökar bir oğlan kimi tanıdıqları Toğrulun böyük uğurundan çox şad olublar. Qeyd edək ki, çempion digər olimpiyaçılarımızla birgə bu gün səhər saatlarında döğma vətəninə qayıdıb. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31