Şərif Şərifov: "Çempion olmağımdan heç şübhə etməmişəm"

"Xəyalım gerçəkləşib".

Bu gün səhər XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər. Trend-in məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət, idman federasiyalarının nümayəndələri qarşılayıblar.Sərbəst güləş üzrə olimpiya çempionu olmuş Şərif Şərifov da jurnalistlərlə təəssüratları ilə bölüşüb. "Mən çox şadam ki, Olimpiya qızılını qazandım. Xəyalım gerçəkləşib", - idmançı bildirib.Şərifovun sözlərinə görə, o Londona ancaq qələbə üçün getmişdi. "Mən çempion olmağımdan heç şübhə etməmişəm, çünki bu mənim ən böyük arzum idi. Heç məğlubiyyət haqqında düşünmürdüm. Düzdür, türkiyəli və iranlı rəqiblərim heç də asan rəqib deyildilər - lakin buna baxmayaraq mən istədiyimə nail oldum", - Şərifov deyib.İdmançı, yığmamıza göstərilən diqqət və qayğıya görə azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib.Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31