Üzümüzü ağardan idman növləri…. - ANALİZ

Digər Federasiyalar hara baxır?

Növbəti Olimpiya oyunları tarixə qovuşdu. Londonda baş tutan mötəbər turnirdə Azərbaycan idmançılarının göstərdiyi şücaət yüksək dəyərləndirilsə də, etiraf etmək lazımdır ki, hələ də bizim bu uğurlara sevinməyən qüvvələr var. Sanki qazanılacaq növbəti medal, nailiyyət onlar üçün başı aşağılıq gətirəcək deyə "sapı özümüzdən olan baltalar" buna sevinir, Azərbaycan idmançılarını tənqid hədəfinə gətirirdilər. Qeyd edək ki, ölkəmiz London Olimpiya oyunlarında 53 idmançı ilə təmsil olunurdu. Ölkəmiz 16 gün ərzində 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb. Yekunda Azərbaycan yığması XXX Yay Olimpiya Oyunlarında 79 ölkə arasında kəmiyyətə görə 25-ci, keyfiyyətə görə 30-cu yeri tutub. Onu da qeyd edək ki, London Olimpiya Oyunlarının digər özəlliyi ölkəmizin olimpiya hərəkatında növbəti rekordun qırılması ilə yadda qaldı. Belə ki, Pekin Olimpiya oyunlarında  yeddi medal əldə edən idmançılarımız artıq on medal qazanmaqla yeni ənənəyə start vermiş oldular. Bütün bunlar isə Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təcəssümüdür. Artıq bu bir reallıqdır ki, ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərilir. Təkcə ölkə paytaxtında deyil, bölgələrdə də yeni avadanlıqlarla təchiz edilmiş olimpiya idman kompleksləri, stadionlar tikilir, müasir idman qurğuları yaradılır. Müstəqilliyin ilk illərində Azərbaycan idmançıları vəsait yoxluğu üzündən bir sıra beynəlxalq yarışlara qatıla bilmirdilər. İndi isə idmançılarımız nəinki yüksək təminatla bütün yarışlarda iştirak edirlər, hətta paytaxt Bakı dünyada beynəlxalq yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bu gün başqa ölkələrdən olan idmançılar Azərbaycan bayrağı altında yarışlara qatılmağı özlərinə şərəf hesab edirlər. İdmançılar ən yaxşı şəraitdə müntəzəm məşq edir, yarışqabağı təlim-məşqlərini ən səfalı yerlərdə keçirirlər;İllər uzunu hər idmançının ustalığının artırılmasına və peşəkarlığının yüksəlməsinə xeyli vəsait xərclənir; Ölkə daxili və beynəlxalq miqyaslı yarışlarda iştirak edən idmançı və məşqçilərin bütün xərcləri dövlət tərəfindən ödənilir; İdmançıların və onların məşqçilərinin normal yaşayışı təmin edilir; Dünya və Olimpiya çempionları ali məktəbə imtahansız qəbul olunurlar; Olimpiya Oyunlarında müxtəlif dərəcəli medallar qazananlara bir neçə mənbədən yüksək məbləğdə pul mükafatları və qiymətli hədiyyələr verilir, bir misalla bütün bu deyilənlərə yekun vurmaq olar.  ABŞ dünyanın ən varlı dövlətidir. ABŞ-da olimpiyanın qızıl medalçılarına birdəfəyə 20 min, biz isə 600 min manat veririk. Ümumilikdə London Olimpiyadasına bir daha nəzər salanda aydın olur ki, Azərbaycan idmanın bütün sahələri üzrə mütləq qələbəyə tam yaxın idi. Bunu boks idman növünə də şamil etmək olar. Boksçularımızın göstərdiyi şucaət çox təəssüflər olsun ki,  antiazərbaycançı şəbəkənin idman sahəsində də əleyhimizə apardığı iş burda da özünü göstərdi. Boksçularımız öz rəqiblərinə açıq-aşkar üstünlüklə qalib gəlsələr də, hakim ədalətsizliyi və qorxaqlığı hesabına uduzduruldular. Bununla bağlı Azərbaycan Boks Federasiyasının rəhbərliyi Beynəlxalq Həvəskar Boks Assosiasiyasına yazılı etiraz  ünvanlayıb. Sərbəst güləş sahəsində qazanılan uğurlar isə bir daha onu deməyə əsas verir ki, bu idman növünün inkişafı, aidiyyatı qurumların diqqət mərkəzindədir. Başda Olimpiya Komitəsi olmaqla, Güləş Federasiyasının idmançılar üçün hər cür şəraitin yaratması nəticəsində əldə olunan uğurlar bütün Azərbaycan xalqını sevindirdi. Maraqlı məqam ondan ibarətdir ki, sadalanan idman növləri ilə yanaşı digər idman növləri ilə hələ də gözlənilən nəticələri ala bilmirik. İdmanın müxtəlif sahələri üzrə bərabər imkanların yaradıldığını nəzərə alsaq yuxarıda sadalanan idman növlərindən başqa idman növlərində uğursuzluq dözülməz hal alıb. Atçılıq, qılıncoynatma, velosipet, avarçəkmə və digər idman növləri üzrə uğursuzluq sindromu idmanımızı gözdən salmağa cəhd edən qüvvələr əlində ciddi rıçaqa çevrilib.

Ədil Ədilzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31