İdmançılarımızın olimpiyadada uğurlu çıxışları müxalifətin iddialarını alt-üst etdi - ŞƏRH
14 Avqust 2012 13:44 İdmanAzərbaycan dövlətçiliyinə qarşı bir qayda olaraq düşmən mövqedə dayanan ölkə müxalifəti bütün sahələrdə olduğu kimi idman sahəsində də əldə edilən uğurlara daim qısqanclıqla yanaşır, qazanılan bu və ya digər nailiyyətləri aşağılamağa çalışır. Radikal müxalifətin hələ də islah olunmadığı, şəxsi və fərdi maraqları dövlətçilik maraqlarından üstün tutduğunu XXX London Yay Olimpiya Oyunları ərəfəsində bir daha müşahidə etdik. Hələ London Yay Olimpiya Oyunları başalamadan bir neçə ay öncə Azərbaycanın bəzi federasiya rəhbərlərinin guya pulla yer aldığını iddia edən müxalifətin radikal qanadı həmin idman növlərində Azərbaycanın qızıl medal əldə edə bilməməsindən sonra "mübarizə"ni tamam başqa istiqamətə yönəltdi. Olimpiya Oyunlarının ilk günlərində idmançılarımızın ölkəmizə qızıl medal qazandıra bilməməsi müxalifət düşərgəsinə daxil olan bəzi partiyalar və onlara xidmət edən mətbu orqanlar üçün baş yazıya çevrildi. Bu sahədən kiçicik belə anlayışı olmayan müxalifət liderləri və ayrı-ayrı partiya funksionerləri ölkəmizdə həyata keçirilən idman siyasətini aşağılamağa başladılar, Olimpiya Oyunlarındakı ilk uğursuzluqların kökündə siyasi amillərin dayandığını iddia etdilər. Bəzi müxalif siyasilər bunu federasiya rəhbərlərinin gənclər və idman nazirinə qarşı bir təxribat kimi dəyərləndirdi, bəziləri isə dövlətin idman siyasətinin düzgün qurulmadığını iddia etdi. Səslənən əks arqumentlər sırasında idmançılara həddən ziyadə şəraitin yaradılması, əvvəlki Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş idmançıların dövlət orqanlarında irəliyə çəkilməsi də var idi. Bir sözlə son günlərə qədər Olimpiya Oyunlarnda ölkəmizi təmsil edən 38 idmançıdan heç birinin qızıl medal qazana bilməməsi radikal müxalifətə Azərbaycan dövlətini tənqid etməyə əlverişli şərait yaratmışdı. Bu öz-özlüyündə müxalifətin dövlətə qarşı düşmən mövqedə dayandığının göstəricisi idi. Hər zaman Türkiyə təcrübəsinə üstünlük verən Azərbaycan müxalifəti ən azı qardaş ölkənin müxalif partiyalarından ibrət götürməli və proseslərə düşmən mövqedən yanaşmamalıydı. Çünki son günlərə qədər məhz qardaş ölkədə Olimpiyadada qızıl medal qazana bilməmişdi. Baxmayaraq ki, Türkiyə bu yarışlarda 100-dən artıq idmançı ilə təmsil olunurdu. Buna rəğmən Türkiyə müxalifəti Azərbaycan müxalifətindın fərqli olaraq antidövlətçilik mövqeyi sərgiləımədi. Həftə sonu isə idmançılarımızın Azərbaycan dövləti və xalqına bəxşl etmiş olduğu sevinc müxalifət dəyirmanına su tökmüş oldu. Bir gündə idmançılarımızın Azərbaycana iki qızıl medal qazandırması radikal müxalifət üçün üzücü olsa da, bütövlükdə Azərbaycan xalqı üçün bu sevincli xəbər oldu. Bununla Azərbaycan müxalifətinin iddialarının heç bir əsasının olmadığı bir daha təsdiqləndi. Azərbaycan dövlətinin idman siyasətinin yalnış olduğunu iddia edən bəzi müxalifət partiyalarının rəsmilərinin bundan sonra nə deyəcəkləri olduqca maraqlıdır. Hazırkı reallıq isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin bütün sahələrdə həyata keçirdiyi doğru-düzgün siyasət idman sahəsində də özünü göstərir. Londonda qazanılan uğurların kökündə Azərbaycanda idmana olan yüksək qayğı dayanır. Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana bilavasitə qayğısı və dəstəyi, bu sahənin inkişafında əldə olunan nailiyyətlər və nəticələr sonda dünyanın ən mötəbər yarışında Azərbaycanın böyük uğurlar əldə etməsinə gətirib çıxardı.
Süleyman İsmayılbəyli