Belarusiya Olimpiya Komitəsi etiraz edir
14 Avqust 2012 12:20 İdmanLondon Olimpiadasında daha bir dopinq qalmaqalı çempionu qızıl medalsız qoyub. "OLAYLAR" ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, Olimpiadada yadro tullamaq (nüvə itələmək) üzrə qızıl medal qazanmış Belorus təmsilçisi Nadejda Ostapçukun qanında dopinq aşkar olunub. Buna görə də o qızıl medaldan məhrum edilib. Məlumatı Beynəlxalq Olimpiya Komitəsi də təsdiqləyib. Həmin yarışlarda 3-cü olmuş rusiyalı idmançı Yevgeniya Kolodko ikinci pilləyə yüksəlib və bürünc medal əvəzinə gümüş medal əldə edib. Qızıl medal isə Yeni Zelandiya təmsilçisi Valeri Adamsa verilib. Bürünc medalı isə çinli Litsyao Hona qazanıb.
Qeyd edək ki, Nadejda Ostapçukun qan testində qadağan olunmuş steroid metenolon maddəsi aşkarlanıb. Maraqlıdır ki, idmançı üzərində həm yarışdan öncə, həm də sonra qan testi aparılmışdı. Nəticə yarışlar başa çatandan sonra bəlli olub.
Belarusiya Olimpiya Komitəsi isə bu qərarla razılaşmayıb. Komitə məsələ ilə bağlı ciddi araşdırma aparacağını və qızıl medalın geri qaytarılması üçün sonadək çalışacağını bildirib. Komitənin bəyanatında bildirilir ki, Nadejda Ostapçukun qan nümunələri dəfələrlə testdən keçirilib və onda dopinq aşkarlanmayıb. Buna görə də təşkilat prosesdə anlaşılmazlığa yol verildiyini iddia edir.