YAŞASIN! Azərbaycan ilk Olimpiya qızılını qazandı!

Toğrul Əsgərov finalda rusiyalı Besik Kuduxova qalib gəlib

London Olimpiadasının sərbəst güləş üzrə yarışında Azərbaycan yığmasının üzvü Toğrul Əsgərov qızıl medal qazanıb. O, finalda rusiyalı Besik Kuduxova qalib gəlib. 19 yaşlı Avropa çempionumuz ilk hissədə 4 qat dünya çempionuna, Pekin-2008-in bürünc mükafatçısına 1:0 hesabı ilə qalib gəlib. İkinci hissədə isə Toğrul Əsgərov rəqibini 5:0 hesabı ilə məğlub edib. Bununla da Toğrul London Olimpiadasında Azərbaycana ilk qızıl medal qazandırıb.Qeyd edək ki, Toğrul ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb. Birinci hissədə 2:0 hesabı ilə qalib gələn idmançımız üçün növbəti 2 dəqiqə də uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Finala gedən yolda isə həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31