Toğrul Əsgərov finalda!

İdmançımız yarımfinalda üz-üzə gəldiyi amerikalı Koleman Skotta heç bir şans verməyib

Bu gün London Olimpiadasının sərbəst güləş üzrə yarışında Azərbaycan yığmasının daha 3 idmançısı mübarizəyə qoşulub. 60 kq çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılıb. O, ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını xalçaya dəvət edib. Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb - 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.Şərifovla Əsgərovdan fərqli, ən ağır çəkili pəhləvanımız Camaləddin Məhəmmədov (120 kq) 1/16 finalda qüvvəsini sınayıb. İdmançımız rusiyalı Bilal Maxovla güləşib. Təəssüf ki, təmsilçimiz ilk görüşündəcə uduzub.Birinci hissədə rəqibinə 0:1 hesabı ilə məğlub olan Məhəmmədov növbəti 2 dəqiqədə də dönüş yarada bilməyib və rusiyalı dünya çempionu bu dəfə 4:0 hesabı ilə qalib gəlib. Bununla da güləşçimiz çempion olmaq şansını itirib. Buna baxmayaraq, Camələddinin bürünc medal uğrunda təsəlliverici mərhələyə qatılmaq şansı olsa da, bu Maxovun yarımfinalda uduzması səbəbindən reallaşmayıb. Bu səbəbdən də Məhəmmədov yarışı vaxtından əvvəl dayandırıb.Qeyd edək ki, Londona 6 idmançı ilə yollanan sərbəst güləş üzrə millimizin heyətində artıq Əşrəf Əliyev (74 kq) mübarizəni dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31