Güləşçilərimiz Gürcüstanda ikinci nəticə göstərdi
7 İyul 2014 16:13 İdmanGürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri turnirdə iştirak edib. Güləşçilərimiz 3 gümüş və 3 bürünc medal qazanaraq 7 ölkə təmsilçilərinin iştirak etdiyi yarışda komanda hesabında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb. İran 3-cü, Türkiyə güləşçiləri isə 4-cü yeri tutub. Güləşçilərimizdən Əli Məmmədov (55 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) finala qədər maneəsiz irəliləsələr də, həlledici qarşılaşmada uduzub və gümüş medalla kifayətlənib. Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq) və Elton Vəzirzadə (84 kq) isə yığmamıza bürünc medal qazandırıb.