"Neymar ömürlük iflic vəziyyətində qala bilərdi"
Bu haqda Neymarın həkimi açıqlama yayıb
6 İyul 2014 02:57 İdman"Zərbə bir düym yuxarıdan dəymiş olsaydı, futbol üzrə Braziliya yığmasının hücumçusu, dünya çempionatının dörddə bir final mərhələsində Kolumbiya komandası ilə oyun zamanı fəqərə sütunu zədələnmiş Neymar ömürlük iflic vəziyyətində qala bilərdi".
ANS PRESS-in məlumatına görə, bu haqda açıqlamanı Neymarın həkimi yayıb.
Qeyd edək ki, cümə günü Fortalezada keçirilən və braziliyalıların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün 87-ci dəqiqəsində kolumbiyalı müdafiəçi Xuan Kamilo Sunyiqa Neymarın kürəyinə zərbə vurmuş, nəticədə hücumçu zədələnmişdi.
Neymarı meydandan xərəkdə çıxarmalı olublar. Sonra xəstəxanaya göndərilən idmançının üçüncü fəqərə sümüyünün sınması diaqnozu qoyulub.
İlkin proqnozlara görə, oyunçunun sağalmasına 4-6 həftə vaxt lazımdır. Həkimlərin sözlərinə görə, əgər Sunyiqanın zərbəsi bircə düym yuxarıdan dəymiş olsaydı, Neymar həmişəlik iflic ola bilərdi.
Gələn həftə Bakı vaxtilə çərşənbə gününə keçən gecə turnirin yarımfinal mərhələsində Braziliya və Almaniya yığmaları qarşılaşacaqlar. Bu matçda pentakampeonlara Neymardan başqa yığmanın kapitanı Tiaqo Silva da kömək edə bilməyəcək: onun aldığı sarı vərəqələrin sayı yol verilə bilən həddən çoxdur.