Braziliya Çilini penaltilərlə uddu-ŞƏRH
Uruqvay Suaresin ardınca evə yollandı, 4\1-də sanbaçıların qarşısına Kolumbiya çıxacaq
29 İyun 2014 14:00 İdmanBraziliyada keçirilən dünya çempionatı gərgin mərhələyə daxil olub. 8/1 final mərhələsindən etibarən çempionat olimpiya sistemi ilə (qalib gələn davam edir, uduzan evə yollanır) davam edəcək. Artıq 4\1-in iki qalibi bəllidir. Bunlar Çilini məğlub etmiş Braziliya və Uruqvayı mundialdan kənarlaşdırmış Kolumbiya seçməsidir. Oyunlar iyunun 28-29-da baş tutub.
Birinci oyunun favoriti 5 qat dünya çempionları Braziliya seçməsi hesab olunurdu. Lakin sambaçılar gözlənilən oyunu sərgiləyə bilmədilər. Əksinə, rəqib müdafiədəki boşluqlardan maksimum yararlana bildi. İngilis hakim Hovard Uebbin idarə etdiyi qarşılaşmada hesabı braziliyalılar açdı. 18-ci dəqiqədə David Lius fərqləndi. Ancaq ev sahiblərinin sevinci uzun sürmədi. 32-ci dəqiqədə Çili yığması (Sançes) cavab topunu vura bildi. Mundialın ilk oyununda olduğu kimi Marsellonun və onun müdaifəçi yoldaşlarının buraxdığı boşluq qolla nəticələndi. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Braziliyalılar ərazi üstünlüyünə sahib olsalar da, təhlükəli vəziyyətlər yaratsalar da, Çili komandasının əsk-hücumları daha effektli olurdu. Əsas vaxtın bitməsinə az qalmış Çili az qala hesabı artıracaqdı. Lakin Piniliyanın zərbəsi qapı çatına dəydi. Əlavə vaxtda hesab dəyişmədi. Cütün qalibi 11 mertlik cərimə zərbələri ilə müəyyən edildi. Braziliyalılar daha dəqiq oldular. 120 dəqiqə Çili yığmasına qarşı üstün oyun nümayiş etdirə bilməyən braziliyalılar növbəti tura "futbol lotoreyası" adlanan penaltilərlə qalib gələrək çıxdılar. Futbolun gözəlliklərindən biri də gözlənilməzliyi, həyəcanı olsa da, hər halda mundilaın favoritlərindən biri hesab olunan sambaçıların bu cür oyunu xoş təsir bağışlamadı. Əksinə, sosial şəbəkədə müşahidə olunduğu kimi azarkeşlərin əksəriyyəti Çilinin qələbə qazanmasını istəyirdi. Ümid edək ki, növbəti turlarda Pelenin, Zikonun, Karekanın, Ronaldonun xələfləri daha baxımlı oyun sərgiləyəcək, müdafiə xəttindəki qüsurları aradan qaldıracaqlar. Yeri gəlmişkən, baş məşqçi Skolari də arxa xəttdəki boşluqlardan narahatlğını dilə gətirib.
Həmin gecə Çilinin ardınca futbol azarkeşlərinin rəğbətini qazanmış daha bir komanda mundilaı tərk etdi. Kolumbiya ilə qarşılaşan və mundilada baxımlı oyun sərgiləməyi bacarmış Uruqvay millisi FİFA-nın qərarı ilə meydanda rəqib oyunçulara qarşı kobudluq etdiyi üçün mundialdan kənarlaşdırılmış Suaresin yoxluğunda olduqca zəif təsir bağışladı.
Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açdı. Ceyms Rodriqez uzaq məsafədən vurduğu gözəl qolla komandasını önə çıxardı. Ceyms
ikinci hissədə (50-ci dəq) ikinci qolunu vuraraq Kolumbiyanın qələbəsini rəsmiləşdirirdi. 4/1-də Braziliya yığması Kolumbiyanı sınağa çəkəcək.Oyunçularının əksəriyyəti nüfuzlu Avropa liqalarında oynayan Kolumbiya yığmasının beş qat dünya çempionuna layiqli müqavimət göstərəcəyi gözlənilir. Kolumbiyalılar əks-hücumlardan maksimum yaralana bilsələr, nəticə fərqli də ola bilər.
Elman