Flavinyo: "Bu etimadı doğrultmağa çalışacağam"

"Artıq 5-ci mövsümdür ki, "Neftçi"də çıxış edirəm. Bu müddət ərzində "Neftçi"də yalnız azərbaycanlı futbolçuların kapitanlıq sarğısını daşıdığını görmüşəm. Yəni kapitanlıq sarğısı həmişə yerli futbolçularda olub". Bu sözləri "Neftçi"nin yeni kapitanı Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı futbolçu kapitan olmasının onun komandadakı məsuliyyətini daha da artırdığını bildirib: "Son illərdə bu məsuliyyətin həvalə olunduğu ilk əcnəbi futbolçuyam. Əslində, özümü heç də əcnəbi saymıram, artıq 5-ci ildir Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss eləyirəm. Azərbaycan mənə doğmadır. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddır. Bu mənim məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacağam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. "Neftçi"nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib, qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31