"DÇ" tarixində 2300-cü qolu kim vurdu?

Hazırda idman ictimaiyyətinin diqqəti Braziliyanın təşkilatçılğı ilə keçirilən 20-ci dünya çempionatına yönəlib. Olduqca məhsuldar keçən final turnirində artıq 36 oyun olub ki, həmin matçlarda da ümumilikdə 108, başqa sözlə, orta hesabla hər görüşə 2,83 qol vurulub. Bu isə o deməkdir ki, DÇ-nin həlledici mərhələlərində futbolçular 2316 dəfə fərqləniblər. Maraqlıdır, bəs, 2300-cü qol kimin aktivindədir? Beləliklə, iyunun 22-də keçirilmiş ABŞ - Portuqaliya qarşılaşmasının 64-cü dəqiqəsində birincilərin futbolçusu Cermeyn Consun vurduğu qol DÇ-nin final turnirlərində qeydə alınmış 2300-cü qol kimi tarixə düşüb. Cermeyn Cons - 1981-ci il noyabrın 3-də Almaniyada (Frankfurt) anadan olub, yarımmüdafiəçidir, Almaniyanın bir sıra klublarında çıxış edib, icarə əsasında "Bləkbörn"ün (İngiltərə) şərəfini də qoruyub, 2014-cü ildə isə Türkiyənin "Beşiktaş" klubuna transfer olunub. Almaniyanın 21 yaşadək yığmasında 8 oyun keçirib və 3 qol vurub. Ölkənin əsas komandasına da çağırılıb və 3 görüşdə meydana çıxıb. Lakin sonradan ikili vətəndaşlıq məsələsi gündəmə gəlib və bu iş müsbət həll olunandan, yəni 2010-cu ildən artıq ABŞ-ın heyətində çıxış edir: bu müddətdə keçirdiyi 39 matçda 2 dəfə fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31