Akademik avarçəkənlərimiz Dünya Kubokunda
20 İyun 2014 11:51 İdmanİyunun 20-də Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Qol.Az-ın məlumatına görə, Nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək. Əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək. Aleksandrov - Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq. 2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç - Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq. Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. Əfəndiyev isə ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq. Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.