Berti Foqts Vaqif Cavadovu əfv etdi
9 Avqust 2012 16:14 İdmanAzərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ötən ilin oktyabrında cəzalandırdığı futbolçu Vaqif Cavadovu bağışlayıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumatına görə, bununla bağlı tərəflər arasında keçirilmiş görüşdən sonra açıqlama verilib. Görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. Cavadov bildirib ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı 2011-ci oktyabrın 11-də keçirdikləri oyunda 1:4 hesablı məğlubiyyət ona psixoloji cəhətdən mənfi təsir edib. Onun sözlərinə görə, artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə emosional vəziyyətdə baş verib: "Əlbəttə, həmin hadisə məni çox təəssüfləndirir. Bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına bacardığım qədər yardımçı olmaq fikrindəyəm".
Foqts isə Cavadova ikinci dəfə şans verilməsini məqsədəuyğun sayıb: "Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur. Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, Cavadova ikinci dəfə şans verilməlidir".