“Futbola o yaraşıqlı oyunçuya görə baxırdım”

Qalibiyyət kürsüsünə addım-addım yaxınlaşan Almaniya bu il sıçrayış etməyi bacaracaq

İyunun 12-də Braziliyada futbol üzrə dünya çempionatına start verildi. Mundial başlamamışdan hələ xeyli qabaq müxtəlif mütəxəssislər bununla bağlı öz proqnozlarını veriblər. Məsələn, Braziliya milli komandasının keçmiş futbolçusu Rivaldo İspaniya və Argentinanın çempionluğa əsas favorit komandalar olduğunu deyir. İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Maurinyo da İspaniya, Meksika, Hollandiya və Almaniya kimi komandaların yaxşı nəticələr göstərəcəyi qənaətindədir. Başqa sözlə futbolla təkcə onun mütəxəssisləri yox, müxtəlif peşə aralarında müxtəlif peşəyə sahib olan insanlar da maraqlanır. Onların öz favoritləri var.

Emin Piri (yazar): "Cənubi Avropa öləkərindən birinin qalib olmasını istərdim. Yarımfinalda məncə İtaliya, Almaniya, İspaniya və Argentina oynayacaq.  Yerləri də bu komandalar bölüşdürəcək. Öz meydanında oynamasına baxmayaraq Braziliya fiaskoya uğrayacaq"

Əsəd Qaraqaplan (yazar): "Məncə, yarımfinalda Hollandiya, Braziliya, Portuqaliya, və Argentina iştirak edəcək. Çempion isə Hollandiya olacaq".

Ramil Məmmədli ("AzNews.az"ın redaktoru): "Yarımfinalda təbii ki, Braziliya, o cümlədən, Almaniya, İspaniya və Argentinanın iştirak edəcəyini düşünürəm".

Aydın Xan Əbilov (yazar): "Futbola qızğın azərkeşlik eləməsəm də, Portuqaliya, Hollandiya və Braziliya komandalarına xüsusi rəğbətim var. Birinci yeri, Braziliya komandası qazanacaq, Almaniya ikinci, İspaniya üçüncü olacaq, Hollandiya komandası isə dördüncü yerlə kifayətlənəcək".

Qan Turalı (yazar): "Son zamanlarda futbolla maraqlanmıram. Amma Argentina, Braziliya, Almaniya və Portuqaliyanın yarımfinala çıxacağına inanıram".

Marina Koşka (Belarus, rəssam): "Yarımfinalda Hollandiya, Almaniya, Argentina və Braziliyanın iştirak edəcəyinə inanıram. Braziliya çempion olacaq".

Amanda Kelli (İrlandiya, "CareBrighat" şirkətinin əməkdaşı): "İngiltərə, Argentina, Portuqaliya və Almaniyanın yarımfinala çıxacağına inanıram. Yəqin ki, İngiltərə çemion olacaq".

Emil Salamoğlu (jurnalist, "Yeni Müsavat" qəzeti): "Almaniya kuboku Rio de Janeyrodan aparacaq. Gümüş medalları ya Braziliya, ya da İspaniya alacaq. Bürünc medallar uğrunda gedən mübarizədən isə sensasiya gözləyirəm. Bosniya-Hersoqovina, Uruqvay, Meksika və İran hamını təəccübləndirə bilər. Onlardan birinin bürünc medalı götürməsini istəyirəm. Argentina açılmamış sandıqdır. Bu komandanın hara qədər davam edəcəyi sirr qalır. Görək ümidlərimizi doğrulda biləcəklər yoxsa yox. Deyim ki, misli görünməmiş bir mundial olacaq. Bir ay ürəyimiz Braziliyada döyünəcək. Bakıda həyat canlanacaq. İsti, cansıxıcı yayın bir ayını futbolla nəfəs alacağıq, futbol iqlimindəki dəyişiklik, dözülməz, cırhacır istilərə qarşı külək, sərinlik bu dəfə qitənin o başından - Braziliyadan Azərbaycana gələcək". E.Salamoğlu deyir ki, talesiz Hollandiya və cığal İtaliyanın bu il nə edəcəyini də səbirsizliklə gözləyir.

Kolumbiya Mariya Pope (İngiltərə, "M&M World" şirkətinin əməkdaşı): "İngiltərə, Fransa, Rusiya və Argentinanın yarımfinala çıxacağına ümid edirəm. Argentina çempion olacaq".

İradə Aytel (yazar): "Ömrümdə bir dəfə futbol çempionatına baxmı.am. Onda da Hollandiya komandasındakı yaraşıqlı bir oyunçunun xatirinə. İndi onun adını belə xatırlamıram. Bu il "azarkeşlik"dən kənar olacam. Axı, surətə aldanmaq yaşında deyiləm. Bildiyimə görə, oyunlara bu gün start verilib. Yəqin ki, ənənəyə uyğun olaraq çayxanalar da ciddi iş rejiminə keçəcəklər. Çempionat həm də bu cür işsizlərə "iş" verir. İşiniz avand olsun, həmvətənlərim! Qalibi isə səbirsizliklə gözləyəcəm. Yəqin ki, o uzun saçlı, qara oğlanın komandası qalib gələcək".

Farah Rieli (Almaniya, musiqiçi): "Hollandiya, Fransa, Argentina və Brazilya yarımfinala çıxacaq. Argentina çempion olacaq".

Dieqo Luis (Meksika, futbol azarkeşi): "İspaniya, Argentina, Fransa və Almaniya yarıfinala çıxacaqlar. İspaniya çempion olmağa layiqdir. İnanıram ki, belə də olacaq".

Mənə gəlincə, favoritim Almaniyadır. Çox güman ki, almanlar da bu il çempion ola biləcəklər. Hər-halda keçən illər ərzində qalibiyyət kürsüsünə addım-addım yaxınlaşan Almaniya bu il sıçrayış etməyi bacaracaq. Bu qədər.

 

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31