Avropa Oyunları öz miqyası, qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq - MÜSAHİBƏ
Azər Məhərrəmov: “Ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də Bakıda Avropa Oyunlarının keçirilməsinə nail olmaqdır”
5 İyun 2014 14:22 İdman"Bu, tarixdə ilk analoji yarış olacaq"
Azərbaycanın Triatlon Federasiyası (ATF) fəaliyyətinin 10 ayı dövründə bir sıra nailiyyətlər əldə edib. Gənclər və İdman nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin tövsiyəsilə yaradılan bu qurum hazırda Beynəlxalq və Avropa İttifaqlarında ən fəallardan biridir. Yığmanın idmançıları bir neçə iri reytinqli yarışlarda mükafatlar qazanıb, yeniyetmələrdən ibarət komanda isə ilk beynəlxalq turnirdə ilk sınağını həyata keçirib. Ən yaxın prioritet - 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına əsaslı hazırlaşmaqdır. Proqramına triatlonun da daxil olduğu bu Oyunlarda habelə 2016-cı il Olimpiadasına lisenziyalar qazanmaq şansı verilir. ATF direktoru Azər Məhərrəmov qarşıda duran vəzifələr barədə danışıb.
-Milli Triatlon Federasiyasının yaranmasından az vaxt keçsə də, bu vaxt ərzində əldə olunan nailiyyətlər haqda bu gün danışmaq artıq mümkündür. Tam əminliklə demək olar ki, bizdə iki komanda mövcuddur - yığma və yeniyetmələrdən ibarət. Birinciyə indiyədək cəmi 3 idmançı daxil idi - Rostislav Pevtsov, Kseniya Levkovskaya və Aleksandr Yatsenko, amma bugünlərdə onların sırasına daha bir azərbaycanli idmançı qoşuldu - Zaur Arkaniya. İlk üçlük çoxlu sayda təlim-məşq toplantılarında iştirak edib. Yığma sezona Kaliforniyada açılış etdi. Burada idmançılar hazırlıq görməklə yanaşı Klermont şəhərində Panamerika Kubokunda iştirak etdi ki, bu yarışda R.Pevtsov 7-c i nəticəni göstərdi. İlk beynəlxalq uğur isə komandaya Meksikada, La-Pas şəhərindəki Panamerika Kubokunda elə R.Pevtsovun timsalında gəldi. Burada idmançımız 2-ci yeri tutdu. Bu nailiyyət bizdə qürur hissi doğurur. Çünki bu, Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin zəhməti və əməyi nəticəsində əldə olunan nəticədir. Kaliforniyadakı təlim-məşq toplanışlarından sonra yığma, hazırlığı davam etdirmək üçün Kiprə yola düşdü. Larnakadakı toplanışlar çox önəmli idi. Ən azından ona görə ki, burada qitənin ən öndə gedən idmançıları bir araya gələrək birgə məşqlər edirlər. Kiprdəki hazırlıqlar da öz bəhrəsini verdi. Çində Asiya Kubokunda Rostislav Pevtsov gümüş medal və xüsusi kuboku qazandı. Triatletin nailiyyətləri bizi sevindirməyə bilməz, çünki o, ən yüksək bacarıqlarını Azərbaycan yığmanın tərkibində nümayiş etdirir. Buna sübut olaraq idmançının beynəlxlaq yarışlar çərçivəsində ən mötəbər sayılan, Londonda keçirilən Dünya seriyası mərhələsindəki nəticəsini də göstərmək olar. Sentyabr ayınadək Beynəlxalq Triatlon Federasiyasının (İTU) bayrağı altında çıxış edəcək Rostislav burada 16 idmançı arasında finişə 11-ci gəldi. Özü də bu atletlər dünya triatlonunda adını təsdiqləmiş, olduqca peşəkar olan şəxslər idi. Belə bir ulduzlu komanda da 11-ci nəticə, R.Pevtsovun karyerasında ən yüksək nöqtə kimi qəbul etmək olar. Bu turnirdəki çıxışdan sonra müxtəlif ölkələrin Triatlon Federasiyalarının üzvləri bizi təbrik edirdilər. Bu, sözsüz ki, bizim üçün çox xoş idi. Rostislav hələ ki, dünyanin birinci onluğunda yer almasa da, Azərbaycan yığmasının tərkibində xeyli nailiyyətlər əldə edə bilib. Bizim üçün bu, çox vacibdir. Axı, Federasiyamız da beynəlxlaq arenada ilk addımlarını atır. Buna görə ümidvarıq ki, Pevtsov Bakıda təşkil olunacaq Avropa Oyunlarında da özünü göstərməyi bacaracaq və Olimpiada 2016-ya lisenziya uğrunda mübarizə aparacaq.
-Triatlonda idmançı bix çox vərdişlərə, xüsusiyyətlərə malik olmalıdır. Bura həm üzgüçülük, həm velosport, həm də qaçış daxildir. Bu dissiplinlərin xüsusiyyətləri nədən ibarətdir?
-Məlumdur ki, triatlon, digər idman növlərilə yanaşı, çox bahalı idmandır. Bura həm velosiped qismində texnika, müxtəlif ehtiyyat hissələri, onların təmiri üçün xüsusi təchizat daxil olmaqla yanaşı, həm də idman geyimi, termokostyumlar daxildir. Bütün bunlar xarici ölkələrdən alınır. Ən yaxşılarını əldə edirik ki, idmançıların xüsusi avadanlıq, idman alətləri, ekipirovka və s dair şikayətləri və sualları olmasın.
-Yeniyetmələrdən ibarət komanda ilə vəziyyət nə yerdədir?
-Ötən ilin sonunda biz yeniyetmələrdən ibarət komandanı formalaşdırdıq. Onun tərkibinə Nurlan Əliyev, Elmir Yusifov, Orxan Heydərli, Sahib Salahov və Denis Karçaşkin daxildir. Onlar yaxşıların yaxşısıdır. Bu idmançılar gözəl şəraiti olan Şağandakı Olimpiya kompleksində hər gün məşq edirlər. Orada hovuz da var, stadion da. Eləcə də triatlon üçün əldə etdiyimiz müvafiq avadanklıq, o cümlədən də velosipedlər mövcuddur. Yəni idmançılarımızın məşqləri üçün bütün şərait yaradılıb ki, onlar öz yaşıdları arasında nəticələr əldə edə bilsinlər. Bununla yanaşı, komanda Mingəçevirdə, Avarçəkmə Federasiyasının bazasında məşqlər ediblər. Yeri gəlmişkən, bu Federasiyaya təşəkkürümüzü bildirmək istəyirəm. Elə isti və dost münasibətlərində olduğumuz üzgüçülük, velosport və atletika Federasiyalarına da həmçinin. Bundan sonra biz gənclərimizi Antalyaya da apardıq ki, burada da atletlərimiz Avropa Kuboku çərçivəsində bir neçə tədbirdə iştirak etdilər.
-Triatlon barədə danışanda bu idman növünün də təmsil olunacağı Avropa Oyunları mövzusundan kənarda qalmaq mümkün deyil. Bu istiqamətdə hansı yeniliklər var, hansı məqamları açıqlaya bilərsiniz?
-Yəqin ki, ölkə rəhbərliyinin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də məhz Bakıda belə mötəbər yarışların keçirilməsinə nail olmaqdır. Bəzən insanlar bu yarışların əhəmiyyətini tam dərk etmir. Anlamır bu, dünya səviyyəsində hansı dərəcədə əhəmiyyətlidir. Dünyada Olimpiada zirvədirsə, Avropada da bu oyunların əhəmiyyəti şəkksizdir. Daha bir əhəmiyyətli məqam ondan ibarətdir ki, bu, tarixdə ilk analoji yarış olacaq. Azərbaycanın hər il müxtəlif idman növləri üzrə yarışların keçirilməsinin öhdəsindən yüksək peşəkarlıqla gəlməsini nəzərə alaraq, artıq indidən əminliklə demək olar ki, bu Avropa Oyunları öz miqyası, qeyri-adiliyi, gözəlliyi, kütləviliyi ilə seçilməyi bacaracaq. Mən bunu tam əminliklə deyirəm. Çünki bu istiqamətdə görülən səylər, bütün sahələrin sürətlə inkişafı göz qabağındadır. Avropa Oyunlarının Təşkilati məsələləri üzrə bölməsi tam gücü ilə çalışır. Eyni zamanda biz Macarıstandan olan idman deleqatı Alpar Naqi ilə bir çalışırıq. Bu şəxs triatlon üzrə yarışlarda əlaqələndiricidir. İndi son marşrutla əlaqədar iş gedir, yəni bura start, könüllülərin yerləşdirilməsi, bu idman növünün bütün nüansları nəzərə alınaraq müvafiq işlərin görülməsi üzərində proses gedir. Bildiyiniz kimi, triatlonda dissiplin üzgüçülüklə başlayır, daha sonra idmançılar 40 km məsafəni velosipeddə qət etməlidilər. Sözsüz ki, onların yolu bizim şəhərin ən görkənmli və gözəl yerlərindən salınacaq. Xüsusilə də Neftçilər prospektilə. Bütün bu yarış çox gözəl və möhtəşəm keçirilməlidir. Çünki bütün dünyada onu televiziya ilə milyonlarla tamaşaçı izləyəcək. Azərbaycan ev sahibi qismində 4 idmançı üçün yerə malikdir (iki qadın, iki kişi idmançı). Yəni müəyyən texniki məsələlər qalır ki, biz də onları tam həll etmək məqsədilə Əməliyyat Komitəsilə (BEGOC) daim sıx təmasda oluruq.
-Yəqin ki, triatlonun Azərbaycanda populyarlaşdırılması üçün istifadə edilən yollaardan biri də sosial şəbəkələrdi...
-Bizim mətbuat xidmətimiz çox fəal işləyir. Bütün son xəbərlər isə ən qısa vaxta ilk növbədə Federasiyanın rəsmi saytında - triathlon.az ünvanında yerləşdirilir. Bununla yanaşı Feysbukda aktİv səhifəmiz var - Triathlon Azerbaijan, onun vasitəsilə biz ünsiyyət qurur, şərhlər oxuyur, müxtəlif müraciətlər əldə edirik. Digər idman saytları ilə əməkdaşlıq qururuq ki, onların da oxucuları Azərbaycanda yeni idman növləri barədə məlumatlara xüsusi maraq göstərirlər.
S.İsmayılbəyli