Xavier Junior: “Bakı” hələ pulumuzu verməyib - MÜSAHİBƏ
26 May 2014 19:20 İdman"Bakı"nın yarımmüdafiəçisi Junior Xavier Vilsonun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasında 2013/2014 mövsümü "Bakı" üçün heç də yaxşı bitmədi...
- Bunu bilirik. Nə çempionatda medal qazana bildik, nə də Avroliqaya vəsiqə əldə edə bildik. Uğursuzluq oldu. Bunun da təbii ki, səbəbləri var idi.
- Əsas səbəb təbii ki, maliyyə problemləri idi...
- Maliyyə problemləri də var idi. Bir az da çempionatın ikinci yarısında oyunlarda itirdiyimiz xallar bizə problemlər yaratdı. "Uğursuzluq zolağı"na düşdük və ardıcıl məğlubiyyətlər, heç-heçələr oldu.
- Bildiyimizə görə hələ də pullarınızı almamısınız?
- Düzdü, hələ verməyiblər. Amma yaxın günlərdə veriləcəyini deyirlər. İnanıram ki, yaxın günlərdə pullarımızı alacağıq.
- Müqavilənizin müddəti nə zaman başa çatır?
- Müqaviləmin müddəti iyunun sonunda bitəcək.
- "Bakı" ilə yeni müqavilə imzalayacaqsınız?
- Bu barədə heç nə bilmirəm. Mənim müqaviləm bitir və klub mənimlə danışmalıdır. Hazırda Sloveniyadayam. İndi başqa təkliflərə baxmalıyam. Bir neçə təklif var, və onları dəyərləndirəcəm.
- Azərbaycandan da təkliflər olub?
- Yox, təklif olmayıb. Amma ola bilər. Hər şey mümkündür.
- Siz özünüz klubda qalmaq istəyirsiniz?
- Hələ ki "Bakı"da qalmaq haqqında düşünməmişəm. İndi istirahət edəcəm. Bundan sonra isə qərar vermək lazımdır. Başqa təklifləri də dəyərləndirəcəm.
- Bizdə olan məlumata görə, bir çox futbolçular komandanı maliyyə problemlərinə görə tərk etmək istəyir...
- Əgər sizdə belə məlumat varsa, deməli doğrudur.
- Hətta Milinko Pantiç mətbuata danışarkən, sizin "Qəbələ"yə getmək istəmədiyiniz demişdi. Doğurdan bunu etmişdiniz?
- Baş məşqçimiz elə deyibsə, deməli, elədir. O zaman problemlər var idi. Siz hər şeyi məndən daha yaxşı bilirsiniz. Bütün olanlar haqqında məlumata maliksiniz. Mən daha nə deyim? Heç nə haqqında fikir bildirmək istəmirəm.