“Həyatımın ən vacib oyununa çıxacam” - MÜSAHİBƏ
22 May 2014 19:52 İdman"Qəbələ" klubunun hücumçusu Daniel Subotiçin apasport.az saytına müsahibəsi
- Bu gün Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaqsınız. Qələbə qazana biləcəksiniz?
- Biz oyuna hazırıq. Matçın başlama saatını gözləyirik. Bu gün maraqlı və gərgin oyun olacaq. Həmişə olduğu kimi azarkeşlər "Neftçi" və "Qəbələ" arasında gözəl oyuna şahidlik edəcəklər. Amma inanıram ki, sonda sevinən tərəf biz olacağıq. Azarkeşləri stadiona dəvət edirəm. Doğma meydanda bizi xeyli azarkeş dəstəkləyir bu gün də onları stadionda görmək istəyirəm.
- "Qəbələ" tarixində ilk dəfə finala vəsiqə qazanıb. Sizin üçün çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Biz həm kubokun finalında, həm də finalda "Neftçi"yə qarşı oynayırıq. Bu matç "Qəbələ" üçün xüsusi bir oyun olacaq. Hamımız qələbəyə köklənmişik.
- Bu gün "Qəbələ" azarkeşləri sizdən çox şey gözləyəcək. Onlar üçün gözləniləni etməyi bacaracaqsınız?
- Bunu dəqiq bilirəm. Çünki təkcə azarkeşlər deyil, komanda rəhbərliyi, baş məşqçi və hər məndən çox şey gözləyəcək. Mən bu gün həyatımın ən vacib oyununa çıxacam. Məşqlərdə də bu oyun üçün xüsusi hazırlaşmışam. İnanıram ki, ümidləri doğruldacağam.
- Qol vurmağı bacaracaqsınız?
- "Neftçi"yə qol vurmaq üçün əlimdən gələni edəcəm.
- Elnur Allahverdiyev və Ürfan Abbasov vacib matçda meydanda olmayacaqlar. Bu itkilər oyuna təsir edə bilər?
- Əlbəttə ki, onlar hər ikisi ciddi itkidir. Bu mövsümü əla keçirdilər. Komandaya mövsüm ərzində çox kömək etdilər. Amma əminəm ki, onları meydanda əvəz edəcək futbolçular da inamlı oyunu ilə bizə kömək edəcəklər.
- Rəqibin də heyətində problemlər var. Araz Abdullayev və Mahir Şükürov oynamayacaqlar. Bunu sizin üçün üstünlük saya bilərik?
- İnanıram ki, onları olmamağı biz üstünlük yaradacaq. Amma "Neftçi" elə komandadır ki, onların heyətində olmayanları əvəzləyəcək yetərincə futbolçular var. Komanda şəklində yaxşı oynayırlar. Bu gün layiqli olan qələbə qazanacaq.