Kaxaber Sxadadze klublara sataşdı: Elə futbolçu istəyirlər ki... - MÜSAHİBƏ

"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının sonuncu turu "İnter" üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Bu baxımdan, mövsümü necə xarakterizə edərdiniz?

- Çempionata necə başladığımızı yadınıza salın. 6 oyundan cəmi 3 xal qazanmışdıq. Bizim üçün çox çətin anlar idi. Sözün doğrusu, həmin vaxt özümü itirmişdim. Yaxşı ki, onda klub rəhbərliyi, xüsusilə də Georgi Nikolov və Cahangir Hacıyev mənə böyük dəstək verdilər. Onlar komandadan ayrılmağıma imkan vermədilər. Əksinə, özümü sübut etməyimə şərait yaratdılar. Sonra vəziyyəti düzəldə bildik. Buna görə də futbolçulara təşəkkür düşür. Məşqçi neçə olursa-olsun, çox şey futbolçulardan asılıdır. Çünki meydanda işi onlar görür, verilən tapşırığı onlar reallaşdırırlar. Bu günlərdə komandanın statistik göstəricisinə diqqət yetirdim. Maraqlı mənzərə ortaya çıxır. Fikir verin, 7 oyun məğlubiyyətsiz seriyadan sonra "Qarabağ"a məğlub olduq. Sonradan yenə 7 məğlubiyyətsiz oyunlar seriyası yaxaladıq, amma "Qarabağ" yenilgisindən qaça bilmədik. Son dövrədə 7 ardıcıl qələbədən sonra yenə "Qarabağ"a uduzmaqla, seriyamıza son qoyuldu. Ümumi götürdükdə, mövsüm komandamız üçün yaxşı alındı. Nəticədən razıyam. Qeyd etməliyəm ki, "Qarabağ" da mövsümü əla keçirdi. Çempionluğa layiq idilər. Onları təbrik edirəm. Xüsusilə, Qurban Qurbanovun əməyini qeyd etmək istərdim. O, 5-6 mövsüm bu uğura yaxın oldu. Amma istəklərinə bu il çatdılar. Komandanın çempion olmasında onun əməyi danılmazdır.

- Deməli, 8 rəqəmi sizin üçün düşərli deyil?

- (gülür) Statistika onu göstərir.

- Yəqin ki, ardıcıl məğlubiyyətlərdən sonra finişə ikinci pillədə çatmağınız haqda düşünürsünüz. Buna nəyin sayəsində nail oldunuz?

- Uğur həyatın bütün sahələrində lazımdır. Çox işləmək, düzgün işləmək uğur gətirəcək. İdman xoşbəxtliyi hansısa bir oyunda ola bilər. Amma mövsümboyu bunun baş verməsi mümkün deyil. Vacib olan sabit oynamaqdır.

- "İnter"in baş məşqçisi postunda beşinci mövsümü arxada qoymaq üzrəsiniz. Bu müddət ərzində komandanı 4 il avrokuboklara - 1 dəfə Çempionlar, 3 dəfə Avropa Liqasına -  daşımısınız. Bu sabit çıxışın nüvəsində nə dayanır?

- Aydın məsələdir ki, komanda mənim spesifik planımla çalışır. "İnter" 1-2 futbolçudan asılı deyil. Komanda şəklində oynamağa üstünlük veririk. Həm də bizdə futbolçular bir-birini layiqli şəkildə əvəzləməyi bacarır. Yeni gələn gedən futbolçunun yoxluğunu hiss etdirmir. Buna görə də hazırkı "İnter" ölkədə ən güclülərdəndir.

- Avropa Liqasında ötən mövsüm bir mərhələ adladınız. Bəs yeni mövsümdə hədəf nə olacaq?

- Minimum tapşırıq üçüncü mərhələyə yüksəlməkdir. Hazırkı komandanın özəyini qorumaq istəyirik. Hansı ki, mövsüm ərzində onlar daim bizə kömək ediblər, əsas heyətdə yer alıblar. 3 mövqeyi gücləndirəcəyik. Yayda isə hazırlıq planı əsasında məşqlərimizi keçəcəyik. Ötən mövsüm komandadan 12 futbolçu ayrılmışdı. İndi belə problemimiz yoxdur. Demək olar, heyətin 98 faizini saxlayacağıq. Ötən il hazırlığa yollanan vaxt sərəncamında olan 20 futbolçudan 13-14-ü gənclər idi. Təcrübəlilərdən Asif Məmmədov, Ruslan Əmircanov, Vaqif Cavadov vardı. Sonradan Aleksandr İaşvili bizə qoşuldu. Qalanları gənclər idi. Amma indi fərqli mənzərəni izləyəcəyik. İlk mərhələdəcə komandanın 99 faizi hazırlığa qatılacaq. Bu da keyfiyyətli hazırlıq keçmək üçün müsbət məqamlardandir. Təbii ki, püşkatmadan da çox şey asılıdır.

- Bir müddət əvvəl Tbilisi "Dinamo"sunun xidmətinizdə maraqlı olması ilə bağlı xəbərlər yayıldı. Komandada qalacaqsınız, yoxsa vətəninizə yollanacaqsınız?

- Klubla imzaladığım müqavilədə belə bir bənd var: komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq bir müddətinə uzadılır. Buna görə də komandada qalıram.

- Müqaviləsi başa çatan futbolçuların bir neçə ilə yeni anlaşma imzalandı. Amma hələ də cavab gözlədiyiniz oyunçular - Ruslan Əmircanov, Brüs Abdullaye, Slavço Georgiyevski, Vaqif Cavadov, Səlahət Ağayev qalmaqdadır. Onların durumuna nə vaxt aydınlıq gətiriləcək?

- Yadınızdadırsa, ötən mövsüm müqaviləsi başa çatan futbolçularımızı "oğurladılar". İndi də qiyməti qaldırmaqla, müqaviləsi başa çatan oyunçuları yenidən əlimizdən almaq istəyirlər. Elə futbolçuları bizdən "oğurlamaq" istəyirlər ki, onlar daim əsas heyətdə meydana çıxıb, ən yaxşılardan olublar. Elə məqamlar olur ki, bəzi klublar büdcələri ilə bizi keçməyə çalışırlar. Məsələn, "Xəzər Lənkəran" futbolçularımı götürmək istəyir. Səlahət Ağayevi istəyirdilər, amma o, komandada qalacaq. Onunla yeni müqavilə imzalanacaq. Ruslan Əmircanova gəldikdə, hər kəs sözünün ağasıdır. Onunla danışığımız olub. Qalmaq istəyəni saxlayacağıq, istəməyəni isə yola salacağıq. Brüs Abdullayenin də müqaviləsi başa çatacaq. Onunla bağlı yekun qərarı AZAL-la matçdan sonra verəcəyik. Slavço da komandada qalacaq. O, universal futbolçudur və bizə lazımdır.

- Bəs komandada göndəriləcək futbolçular arasında adları dəqiqləşənlər varmı?

- Aleksandr İaşvili bacarırsa, bizi dəstəkləsin. Amma o, funksioner olmaq istəyir. Gürcüstan Futbol Federasiyasında prezident seçkiləri keçiriləcək. Levan Kobiaşvili və İaşvili federasiyanın rəhbərliyində təmsil olunmaq istəyirlər. Onunla yenidən danışacağıq. İaşvilinin Avropa Liqasında bizə kömək edəcək gücü var. Ona həm fiziki, həm də psixoloji baxımdan dəstək olmaq lazımdır. İvo Toborskinin də müqaviləsi başa çatır. Yaxın günlərdə Vaqif, Ruslan və Brüsin məsələsi həll olunmalıdır.

- Cari çempionatın reqlamenti necə, özünü doğrultdumu?

- Dörd dövrəli reqlament super alındı. Oyunlar çox gərgin keçdi. Bu reqlament "altılıq" sistemindən 100 faiz yaxşıdır. Əvvəllər ikinci "altılığ"ın heç bir mənası qalmırdı. Onlar üçün stimul yox idi. Ancaq indi fərqli hadisələri izləyirik. Məsələn, autsayderlərdən "Sumqayıt" neçə dəfə "Neftçi"ni məğlub etdi, "Qarabağ"ı uddu. Bu sözləri "Rəvan" da aid etmək olar. Həm də burda autsayderlər artıq güclü komandalarla oynayır ki, bu da səviyyənin qalxmasına gətirib çıxarır. Amma öz aralarında oynayan zaman belə gərginlik hiss olunmurdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31