Ançelotti: "Ronaldo titul üçün bütün qüvvəsini sərf edəcək"
14 May 2014 12:20 İdman"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldonun gözəl formada olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis portuqaliyalı hücumçunun Çempionlar Liqasının finalında var qüvvəsi ilə oynayacağına əmin edib.
Ançelotti Çempionlar Liqasında qələbənin "Real"ın böyük uğuru və tarixə düşmək üçün şans ola biləcəyini vurğulayıb: "Bu, mənim iştirak etdiyim yeddinci final olacaq. Bu finallardan dördündə qalib gəlmişəm. "Real"a onuncu Çempionlar Kubokunu qazandırmaq böyük motivasiyadır. Mənim bəxtim gətirib. Çünki bütün oyunçuların böyük motivasiyası var. Oyunçular, klub, azarkeşlər... Bizim hamımız qələbəyə çox yaxınıq. Amma başa düşürük ki, asan olmayacaq. Çempionlar Liqasının finalının nəticələrini öncədən söyləmək həmişə çətindir. Hər iki komanda keyfiyyətli futbol göstərməyə hazırlaşır. Güman etmirəm ki, "Atletiko" meydana ancaq bizim oyunumuzu pozmaq üçün çıxacaq. Biz də bu barədə düşünmürük. Oyun çox gərgin olacaq".