Matiya Şpiçiç: Bu dəfə daha yaxşı olacaq - MÜSAHİBƏ

"İnter" klubunun xorvatiyalı müdafiəçisi Matiya Şpiçiçin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XXXV turunda "Qəbələ" ilə qolsuz heç-heçə oynadınız. Son ev görüşünüzdə qələbə qazana bilməsəniz də, nəticə sizin gümüş medallara sahiblənməyinizə səbəb oldu.

- Görüş çox gərgin və çətin keçdi. Meydanda yaxşı mübarizə aparan 2 komanda vardı. Qol vurmağa çox yaxın olduq. Ancaq bu matçda fərqlənmək bizim qismətimizdə yox imiş. Halbuki, belə matçda 1 qol vuran qələbə qazanacaqdı. Bununla belə, dediyiniz kimi, turnir cədvəlində II pilləni təmin etdik. Mövsümün əvvəlində zəif çıxış etdiyimizi nəzərə alsaq, sıralamadakı mövqeyimizi kifayət qədər uğurlu saymaq olar.

- Hər 2 tərəfin fərqlənməsinə nə mane oldu?

- Bunu demək mənim üçün çox çətindir. Daha çox hücumda olan futbolçular buna dolğun cavab verə bilər. Görünür, havanın belə isti keçməsi komandaların öz oyunlarını göstərməyə mane oldu. Bəlkə də bu səbəbdən qarşılaşma çox darıxdırıcı keçdi.

- Komandalar sanki fərqlənməyə meyl göstərmirdilər...

- Belə demək lazım deyil. Şəxsən bizi gümüş medal üçün minimum heç-heçə qane etsə də, qələbəyə oynayırdıq. Ancaq alınmadı. Hər halda, qalib gəlməsək də, 1 xalı qazandıq. Bununla da çempionatın gümüş medallarını qazandıq.

- Aranızda 6 xallıq fərqin olmasına baxmayaraq, "Qəbələ"nin turnir cədvəlində sizi keçə biləcəyinə dair qorxu vardı?

- Yox, düzünü desəm, heç bu haqda düşünmürdük. Yalnız öz hədəfimiz haqqında fikirləşirdik. Bilirdik ki, gümüş medallar bizimdir. Sadəcə, bunu rəsmiləşdirmək istəyirdik.

- Avrokuboklarda yenə iştirak edəcəksiniz. Bu haqda düşüncələr necədir?

- Ötən mövsüm ilk dəfə avrokuboklarda çıxış etdim. Bu sevinci mənə "İnter" yaşatdı. İndi ikinci dəfə Avroliqa həyəcanı ilə üz-üzəyəm. İnanıram ki, bu dəfə ötən ilkindən daha yaxşı çıxış etmək imkanımız olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31