Yurgen Klinsmann hücumçudan imtina etdi

Mayın 27-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək ABŞ yığmasının hazırlıq planı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Yurgen Klinsmannın yetirmələri Braziliyadakı dünya çempionatının final mərhələsinə hazırlıqlara Kaliforniya ştatında start verəcək.

Alman mütəxəssisin açıqladığı 30 nəfərlik ilkin heyət Palo-Altoda bir araya gələcək. Millimizin baş məşqçisi Berti Foqtsun müşavir olduğu yığma sabahdan məşqlərini Stenford Universitetinin stadionunda keçəcək.

Klinsmannın 30 futbolçudan ibarət heyətdə Eddi Consonun yer almaması diqqət çəkir. "D.C.Yunayted"in hücumçusu böyük milli təcrübəsinə malik olsa da, hazırda ideal formadan uzaqdır. Onun hesabında yığmada 63 oyuna 19 qol var.

Açıqladığı heyətə qısa şərh verən Klinsmann iyunun 2-də müəyyənləşdirməli olacağı 23 nəfəri seçməyin çətinliyini vurğulayıb: "30 oyunçudan 23-nü seçmək asan olmayacaq. İndi hər mövqedə böyük rəqabət var. Onlar arasında ən güclüləri müəyyənləşdirməliyik. Qarşıdakı yoxlama oyunları da bu baxımdan işimizə yaramalıdır".

Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu San-Fransiskoda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31