Bakıda İdman Dırmanması üzrə Dünya Kuboku gözəl anlarla yadda qaldı

3-4 may tarixlərində  Bakı şəhəri daha bir beynəlxalq idman yarışına ev sahibliyi etdi. Mavi "Xəzər"in sahilində, Dövlət Bayrağı Meydanının yaxınlığında dünyanın 22 ölkəsindən gəlmiş idmançıların iştirakı ilə İdman Dırmanması üzrə Dünya Kuboku yarışı keçirildi.

Yarış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı ilə baş tutdu.   Əvvəllcə qeyd edim ki, Azərbaycanın idman şöhrəti, xüsusilə də Azərbaycan Hava və Ektremal İdman Növləri federasiyasının fəaliyyəti Beynəlxalq İdman Dırmanması Federasiyasının nümayəndələri tərəfindən təqdirəlayiq hesab edilərək Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı 22-23 iyun 2013-cü il tarixlərində keçirilib. Dünyanın 22 ölkəsindən-ABŞ, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya, Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland, Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s. ölkələrdən 150-yə yaxın idmançının iştirak etdiyi çempionatda Azərbaycanı 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil edirdi. Dünya Kuboku yarışının yeniyetmə və gənclərin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda, Dövlət Bayraq Meydanında, insanların sərbəst tamaşa edə biləcəyi şəraitdə keçirilməsi yarışların hər kəs tərəfindən izlənilməsinə şərait yaratmışdı. Açılışdan xeyli əvvəl yarışın keçirildiyi əraziyə xeyli tamaşaçı toplaşmışdı.

Qonaqların salamlamasından sonra səhnəyə idmançıların dəvəti gerçəkləşdi. İdmançıların təmsil etdikləri ölkənin bayraqları ilə meydana toplaşması çox gözəl bir gözoxşayan görüntü yaratmışdı.   İlk öncə söz deməsi üçün səhnəyə  gənclər və idman naziri Azad Rəhimov dəvət olundu. Nazir ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı.  O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, ölkəmizin müxtəlif beynəlxalq idman yarışlarına hazırlaşdığını bildirdi.  İdman Dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açan Azad Rəhimov  idmançılara uğurlar arzuladı. Daha sonra FAİREX prezidenti Hüseyn Bağırov  yarışın belə möhtəşəm bir meydanda keçirilməsinin ölkəmizdə idmana olan yüksək qayğı və diqqətin nümunəsini olduğunu bidirdi: "İdmançılarımızı öz bacarıqlarının yaxşı səviyyədə nümayiş etdirməyə çağırıram".  Nazir Azərbaycanda idman dırmanması üzrə keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb.

Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab verdiyini deyərək, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına minnətdarlığını bildirib. Qonaq həmçinin gələcəkdə bu idman növünün Azərbaycan gəncləri arasında daha da populyar olacağına inandığını vurğulayıb.

Açılış mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirildi. Mərasim bədii hissə ilə davam etdirildi. Milli rəqslərimizin, türk musiqisinin  xoş sədası tədbirin qonaqlarının gözəl ab-havasını daha da cilaladı.  Daha sonra tədbir qadın atletlərin boulderinq idman növü üzrə təsnifat yarışı ilə davam etdi. Yarışla bağlı idmançıların da fikirlərini öyrəndik. Azərbaycan idmançısı Babək Niftəliyev bildirdi ki, boluderinq idman növü üzə dırmanır: "Bu il sürətə hazır olmadığıma görə, o növdə iştirak etmədim. Yarışın Azərbaycanda keçirilməsi idmançılarımızın inkişafı  üçün çox gözəl bir addımdır. Yarış çox yüksək səviyyədə təşkil olunub.  Avropa ölkələrində belə keçirilmır. 2012-ci ildə Fransada keçirilən dünya çempionatında olmuşam. 2012-ci ildə Sloveniyada dünya Kubokunda olmuşam. Başqa dövlətlərdə də olmuşam".

İdmançımız onu da bildirdi ki, bizim federasiya yeni yarandığına görə, idmançılarımızın ən çoxu  3-4 il təcrübəsi var: "Yarışda iştirak  edən beynəlxalq idmançıların 90 faizinin ən az təcrübəsi olanın 8-9 ildir. Bu idman növü təcrübə tələb edir. Ona görə də gələcəkdə daha yaxşı nəticələrimiz olacaq". Qeyd edim ki, Babək iki dəfə respublika çempionu olub.

Türkiyənin Samsun bölgəsindən yarışmaya qatılan  Ebru Dilli 4 ildir bu idmanla məşğul olduğunu bildirdi.  Ebru yarışın çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı: "Azərbaycan türkləri və təşkilatçılar gözəl hazırlaşmışlar. Hər şey mükəmməl. Türkiyədə bir çox məsələ diqqətdən kənarda qalır. Amma burada hər şey möhtəşəmdir. Nə yeyəcəyimizə qədər düşünmüşlər. Məşğul olduğum idman növü üzrə bütün dünyanın yaxşılarını gördüm burada. Görmək belə bir təcrübədir. Çox qürurverici bir duyğudur". Azərbaycanda  çox yüksək səviyyədə qarşılandıqlarını bildirən Ebru məşğul olduğu sahənin asan bir idman növü olamdığını bildirdi: "Ailəm məni dəstəkləyir. Bu çox  gözəl bir işdir. Onlar məni buraya gözləri bağlı yolladılar. Mənim üçün bir qadağa qoymadılar".

Ötənilki yarışmada qalib olan rusiyalı idmançı Stanislav Pokorin  yarışların bu il daha da yaxşı təşkil olunduğunu bildirdi. 13-yaşından dırmanmaqla məşğul olduğunu deyən idmançı  bizim idmançıların məşqçilərinin o qədər də təcrübəlı olmadıqlarını, bu sahədə məşğul olan məşqçilərin təcrübələrinin artması ilə nəticələrin daha da yükələcəyini bildirdi.   

Qeyd edim ki, Dünya Kuboku yarışlarına hazırlıq məqsədi ilə FAİREX-in dəvəti ilə Türkiyədən gəlmiş yüksək ixtisaslı hakimlər tərəfindən idmançılara hakimlik kursu keçilib və 40 nəfərə yaxın idmançıya beynəlxalq yarışları idarə etmək hüququ üzrə sertifikat verilib. 

Açıq havada quraşdırılmış dırmanma divarlarında baş tutan yarış növbəti gün kişi və qadın atletlərin çətinlik və sürət üzrə yarımfinal və final mərhələləri ilə davam etdi.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.

I, II və III yerləri tutan qaliblərə Beynəlxalq İdman Dırmanması Federasiyası (IFSC) tərəfindən medallar, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən isə pul mükafatı və qiymətli hədiyyələr təqdim olundu.

Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) rəsmisi Qremi Alderson yarış iştirakçılarını təbrik etdi və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) I Vitse-Prezidenti Firdovsi Əliyev isə Azərbaycan dövlətinin, o cümlədən dövlət başçısınin idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində ölkəmizin idman şöhrətinin dünyada daim yüksəldiyini bildirdi.

İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarının nəticələrinə əsasən, kişi atletlərin sürət üzrə final mərhələsində ukrayna təmsilçisi Danylo Boldyrev, Yevgeniy Vaitcekhovsk (Rusiya), Qixn Zhong (Çin) qalib oldu.

Qadın atletlərin sürət üzrə final mərhələsinin qalibləri Mariya Krasavina (Rusiya), Yuliya Kaplina (Rusiya), Anouck Jaubert (Fransa) təmsilçisi oldu.

Kişi atletlərin boulderinq üzrə final mərhələsinində isə qalib Dmitriy Sharafutdinov (Rusiya), Jan Hojer (Almaniya), Rüstəm Gelmanov (Rusiya), Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri, Anna Stöhr (Avstriya), Akiyo Noguchi (Yaponiya), Shauna Coxsey (İngiltərə) təmsilçisi oldu.

Idmançılar Bakını çox bəyəniblər

Kişi atletlərin boulderinq üzrə final mərhələsində I yerin qalibi olmuş Rusiya təmsilçisi Dmitriy Sharafutdinov fikirlərini belə bölüşdü: "Bakı təsəvvür elədiyimdəm də gözəl və cazibədar şəhərdir. Şəhərdə 3 gün oldum və burda olmaqdan olduqca zövq aldım. Əhalisi çox mehriban, qonaqpərvər və gülərüzdür. Eyni zamanda idmançılara göstərilən diqqətdən də olduqca razıyam və inanıram ki bütün idmançılar mənimlə həmfikirdir. Yarışın keçirilməsi üçün seçilmiş məkan da çox möhtəşəm idi. Bakı Bulvarına heyran qaldım. Təşkilatçılıq, yarışa hazırlıq, həmçinin texniki baxımdan hazırlıq, ümumiyyətlə hər şey yüksək səviyyədə idi. Gələcəkdə Azərbaycanda  idman dırmanması sahəsində daha çox uğurlar əldə olunacağına inanıram. Hər kəsə minnətdaram".

Qadın atletlərin sürət üzrə final mərhələsində III yerin qalibi olmuş Fransa təmsilçisi Anouck Jaubert isə bildirdi ki, Bakıya birinci dəfədir gəlir: "Çox ölkələrdə olmuşam, amma Bakı onlardan tamamilə fərqlidir. Bakının  bir çox yerini gəzdim, ən çox xoşladığım köhnəliklə yeniliyin təzad təşkil etmədən bir arada olması idi, çox cazibədar idi. Qaranlıqda Bakı xüsusilə möhtəşəm görünür.  Həmçinin, çox sevinirəm ki, 3-cü yeri tutdum. Qalib olmaq üçün əlimdən gələni etdim. FAİREX-ə minnətdaram belə möhtəşəm yarış keçirdiyi üçün".

Kişi atletlərin sürət üzrə final mərhələsində I yerin qalibi olmuş Ukrayna təmsilçisi Danylo Boldyrev Azərbaycanda olmaqdan çox məmnun olduğunu vurğuladı.  İnsanlarımızın  çox mehriban olmasından danışdı: "Ölkəmizə qayıdanda buradakı insanların necə mehriban olduğunu hamıya çatdıracam. Keçən il də Bakıdakı çempionatda iştirak etmişəm və  turnirdə 6-cı yeri tutmuşam. O zaman şəhəri gəzməyə imkan oldu. İndiki səfərimizdə iki gündür burdayıq. Ancaq bizə sabah imkan olacaq ki, yenidən Bakının gözəl mənzərələrini görək, ləziz təamlarını dadaq. Azərbaycanda hər şey əladır. Buranı çox bəyəndim. Azərbaycanı təmsil edən idmançılar çox mehribandılar.  Ən çox təəssürat yaradan o oldu ki, sizdə Şəhidlər Xiyabanı var. Onlara abidələr qoyulub".

Kişi atletlərin sürət üzrə final mərhələsində III yerin qalibi olmuş Çin təmsilçisi Qixn Zhong Bakıya ilk dəfədir gəldiyini dedi: "Şəhər olduqca xoşuma gəldi. Bakı bu il ikinci dəfə möhtəşəm beynəlxalq idman yarışına ev sahibliyi edib və inanıram ki, Bakıda gələcəkdə də Azərbaycanı dünyaya tanıdacaq bir sıra mühüm beynəlxalq yarışlar keçiriləcək. Artıq ekstremal idman növləri burada xeyli populyarlıq qazanıb, həmkarlarım deyirlər ki, İdman Dırmanması üzrə Dünya Kuboku yarışına maraq göstərənlərin sayı ilbəil artmaqdadı. Görünür Azərbaycanda idmanın inkişafı çox dinamik gedir. Səhv etmirəmsə, 2015-ci ildə Avropa Olimpiya Oyunları da məhz Azərbaycanda keçiriləcək. Sadəcə təbriklər!".

Qadın atletlərin boulderinq üzrə final mərhələsində II yerin qalibi olmuş Yaponiya təmsilçisi Akiyo Noguchi də Bakıdan ağızdolusu danışdı: "Bakının  bu qədər gözəl olmasını gözləmirdim. Xüsusən də Bakının dənizkənarı parkı-Bulvarı çox bəyəndim. Küçələri çox təmiz və sakitdi. Bakının sakinləri də çox gülərüz və qonaqpərvərdir. Yarış da çox yüksək səviyyədə təşkil olunub, yarışda iştirak edən hər bir idmançıya diqqətlə yanaşılır. Hər şeyə görə təşəkkür edirəm".

Aygün
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31