Liderlərin paytaxt sınağı

Sabah Topaz Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları eyni gündə baş tutacaq tura liderin oyunu ilə start veriləcək. Həftənin 3 matçı Bakıda keçiriləcək. Turnir cədvəlinin ilk 5 pilləsində qərarlaşan və avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan komandalar öz oyunlarını paytaxtda keçirəcək.  Çempionluğun bir addımlığında olan "Qarabağ" avrokuboklara vəsiqə üçün mübarizə aparan "Bakı"nın qonağı olacaq. Paytaxt təmsilçisinə xal itkisi baha başa gələ bilər. Ağdamlılar isə qalib gəlsə, diqqətlərini "Şəfa"ya yönəldəcək. 

Belə ki, "Sumqayıt"ı qəbul edən "İnter"in xal itkisi çempionun rəsmiləşməsi ilə nəticələnə bilər. Son 5 matçda uduzmayan autsayderin indiyədək qol vura bilmədiyi rəqibini büdrədəcəyi inandırıcı görünmür. Qələbə ilə "bankirlər" medalların qazanılması baxımından vacib addım atmış olacaq. 

Azərbaycan kubokunun finalçıları "Neftçi" və "Qəbələ" arasında qarşılaşma isə bürünc medalların taleyi baxımından vacibdir. Əyalət təmsilçisi 3 dəfə uduzduğu rəqibini məğlub etməyi bacarsa, bakılılarla xal fərqini minimuma endirəcək. "Neftçi" isə gümüş şansını saxlamaq üçün yenə qalib gəlməlidir.

Paytaxtdan kənarda baş tutacaq iki görüşdə isə turnir cədvəlinin ikinci yarısında qərarlaşanlar üz-üzə gələcək. Hələ də avrokuboklara nəzəri şansları qalan "Simurq" 2014-cü ildə qalib gələ bilməyən AZAL-ı qəbul edəcək. Zaqatalalılar qarşılaşmanın favoriti sayılsa da, paytaxt təmsilçisi uğursuz seriyaya son qoymağa çalışır.

Avrokubok şansları qalmayan "Xəzər Lənkəran" Premyer Liqada qalmaq üçün mübarizə aparan "Rəvan"ı sınağa çəkəcək. III dövrədə rəqibinə uduzan cənublular türk məşqçilərin duelində qalib gəlməyə çalışacaq. Komandanın düşərgəsini tərk edən Mustafa Dənizlinin yetirmələrini meydana köməkçisi Oğuz Çətin çıxaracaq. Güvənc Kurtarın rəhbərlik etdiyi autsayder isə aşağı dəstəyə yuvarlanmaqdan xilas olmaq üçün növbəti xalını qazanmalıdır.

XXXIII tur

2 may (cümə)

18:00. "Simurq" - AZAL

İlk 3 dövrədəki oyunlar - 1:1, 3:0, 2:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev 

Zaqatala şəhər stadionu

18:00. "Xəzər Lənkəran" - "Rəvan"

İlk 3 dövrədəki oyunlar - 1:1, 1:0, 1:2

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov 

"Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Neftçi" - "Qəbələ"

İlk 3 dövrədəki oyunlar - 2:1, 2:1, 2:1

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov 

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov

"Bakcell Arena" stadionu

15:00. "Bakı" - "Qarabağ"

İlk 3 dövrədəki oyunlar - 0:3, 2:1, 0:2

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov 

"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

17:00. "İnter" - "Sumqayıt"

İlk 3 dövrədəki oyunlar - 2:0, 2:0, 1:0

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev 

"Şəfa" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31