“Barsa”nın yeni baş məşqçisinin adı açıqlandı

"Barselona" futbol klubunun yeni baş məşqçisi Luis Enrike olacaq. Apasport.az saytının Kataloniyanın "Esport3" telekanalını istinadən məlumatına görə, hazırda "Selta"nın baş məşqçisi olan Enrike ilə danışıqlar gedir.

Ktaloniya klubunun rəhbərliyi Enrikenin "Barselona"da oynadığını və bu komandada məşqçiliyə başladığını nəzərə alıb. Kataloniyalı azarkeşlər keçmiş oyunçularına böyük hörmətlə yanaşırlar və onu sevirlər. Məsələn, "Barselona" bu mövsüm "Selta"nı qəbul edən zaman, azarkeşlər Enrikenin adını qışqırıblar.
"Barselona" keçmiş oyunçusu ilə hələ 2013/2014-cü illər mövsümünün əvvəlində dil tapmağa çalışıb. Amma Enrike bundan bir qədər öncə "Selta" ilə müqavilə bağladığından, doğma klubunun təklifindən imtina etməli olub. Hazırda "Barselona"nı çalışdıran Herardo Martines isə uğursuz mövsümdən sonra Argentinaya qayıtmaq istəyir.
"Barselona" bu mövsüm İspaniya Superkubokunda qalib gəlib. Çempionlar Liqasının 1/4 mərhələsində yarışı dayandırıb, İspaniya Kuboku uğrunda final görüşündə "Real"a məğlub olub. Çempionatın bitməsinə 3 tur qalmış "Atletiko"dan 4 xal geri qalaraq, ikinci yeri tutur.
Luis Enrike Kataloniya klubunun şərəfini 1996-2004-cü illərdə qoruyub və karyerasını başa vurub. 2008-ci ildə Kataloniya klubuna qayıdaraq, komandanın ikinci heyətinin baş məşqçisi olub. 2011/2012-ci ildə isə İtaliya "Roma"sının baş məşqçisi kimi çalışıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31