“Qarabağ”ın qızıl medalları qazanması üçün heç bir maneə yoxdur”

"Azərbaycan çempionatının belə səviyyəyə malik olmasını gözləmirdim". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib. Bosniya və Herseqovina mətbuatına müsahibə verən Şehiç Topaz Premyer Liqasında çempionluq şanslarından danışıb. Onun fikrincə, "Qarabağ"ın qızıl medalları qazanması üçün heç bir maneə yoxdur: "Azərbaycanda futbola çoxlu pul ayırırlar, çempionat gündən-günə inkişaf edir. Oynadığım komandada həqiqətən hamı yüksək səviyyədə çalışır. Bu səbəbdən mən sadəcə öz oyunuma, fiziki hazırlığıma və məşqlərimə diqqət ayırıram. Lazım olduğu qədər fərdi və komanda şəklində əla formadayıq. Mövsümün bitməsinə 4 tur qalıb. Turnir cədvəlində birinci yerdəyik. Hesab edirəm ki, çempion titulunu qazanacağıq. Çünki çempionatın bitməsinə 4 tur qalmış ikinci pillədəki "İnter"dən 8 xal öndəyik". Millidən də danışan Şehiç Bosniya və Herseqovina yığmasının heyətində Braziliyaya gedəcəyinə ümid etdiyini bildirib: "Düzünü desəm, məndə yığmanın formasını yenidən geyinmək üçün böyük istək var. Ona görə ki, həqiqətən bu, böyük şərəf və məmnunluqdur. Əminəm ki, baş məşqçi Braziliyaya ən yaxşıları aparacaq. Səbirsizliklə açıqlanacaq siyahını gözləyirəm və ümid edirəm ki, mənim adım da orda olacaq. Bununla belə, siyahıda mənim yer almağımdan asılı olmayaraq, hamıya Braziliyada ən böyük uğurları arzulayıram".

Qeyd edək ki, bosniyalı jurnalistlər də 25 yaşlı qapıçının Almaniya 2-ci Bundesliqa klubu "Aalen"in şərəfini qoruyan Yasmin Feyziçin yerinə Braziliyaya aparılmalı olduğunu düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31